İsrail hökuməti 1915-ci il qondarma “erməni soyqırımı”nı rəsmi olaraq tanımaq üçün səs verib.
Bu barədə İsrailin xarici işlər naziri Gideon Saar “X” hesabında məlumat verib. Onun sözlərinə görə, qərar şəxsən öz tərəfindən irəli sürülən qətnamə layihəsi əsasında qəbul edilib. "Düzgün iş görmək üçün heç vaxt gec deyil”, - deyə Saar bildirib.“Osmanlı İmperiyasının son illərində erməni xalqına qarşı törədilmiş soyqırımının tanınması həm mənəvi, həm də tarixi borcdur”, – deyə Saar qeyd edib. Türkiyə Xarici İşlər Nazirliyi isə öz növbəsində İsrail hökumətinin qondarma “erməni soyqırımı”nı rəsmən tanımaq barədə qəbul etdiyi qərarı qətiyyətlə pisləyən bəyanat yayıb. Nazirliyin bəyanatında həmçinin qeyd olunub ki, Ankara rəsmi Təl-Əvivin regiondakı dağıdıcı fəaliyyətinə qarşı mübarizəni davam etdirəcək: "Türkiyə İsrailin regiondakı ekspansiyonist və sabitliyi pozan siyasətinə son qoymaq, habelə Netanyahu hökumətinin mülki əhaliyə, xüsusən də Fələstin xalqına qarşı törətdiyi cinayətlərə görə qanun qarşısında cavab verməsi üçün qətiyyətlə fəaliyyət göstərməyə davam edəcək".Qeyd edək ki, layihə səsvermə üçün Knessetin plenar iclasının gündəliyinə çıxarılacaq. Xatırladaq ki, hələ 2025-ci ilin avqustunda İsrailin baş naziri Benyamin Netanyahu Osmanlı İmperiyası tərəfindən ermənilərin, assurların və yunanların soyqırımını tanıdığını bəyan etmişdi. Həmin vaxt Ermənistanın baş naziri Nikol Paşinyan isə İsrailin baş naziri Benyamin Netanyahunu Osmanlı İmperiyasında erməni soyqırımının tanınması ilə bağlı fikirlərini tənqid etmişdi. Paşinyan açıq şəkildə bildirmişdi ki, o, belə bir tanınmanın “reallığımız və xalqımızın maraqları ilə” heç bir əlaqəsi olmayan şəxslərin əlində geosiyasi alver predmetinə çevrilməsi ideyasına qarşıdır.
