TÜRK SOYLULAR TÜRKİYƏDƏ “ƏCNƏBİ” SAYILMAYACAQLAR
Baxış sayı: 14
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan türk əsilli əcnəbilərin ölkədəki hüquqi statusunu və imkanlarını əhəmiyyətli dərəcədə genişləndirən yeni qərarı imzalayıb. “Türk soylu əcnəbilərin Türkiyədə peşə və sənətlərini sərbəst şəkildə icra edə bilmələri, dövlət və ya özəl müəssisələrdə çalışdırılmaları haqqında qanunun tətbiqi ilə bağlı Nizamnaməyə dəyişiklik edilməsi” barədə qərar 10 oktyabr 2025-ci il tarixli “Rəsmi Qəzet”də dərc olunaraq qüvvəyə minib. Yeni qərar 2527 saylı qanun çərçivəsində qəbul edilib və türk soylu icmalardan olan şəxslərin Türkiyədə daha geniş hüquqlara malik olmasını nəzərdə tutur. Bu dəyişikliklərdən sonra Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Şərqi Türküstan, Ahıska, Qaqauz, Krım kimi türk soylu icmalardan olan şəxslər Türkiyədə “əcnəbi” kimi deyil, öz vətənlərindəki kimi yaşamaq və işləmək imkanına sahib olacaqlar. Qeyd edək ki, R.T.Ərdoğanın qəbul etdiyi yeni hüquqi çərçivə türk soylu əcnəbilərin yalnız müəyyən sahələrdə deyil, artıq daha geniş sektorlarda-o cümlədən dövlət və özəl qurumlarda da peşə və ixtisaslarına uyğun şəkildə fəaliyyət göstərmələrinə şərait yaradır. Bu yanaşma, bir tərəfdən Türkiyənin əmək bazarını daha açıq və rəqabətə dayanıqlı hala gətirməyi, digər tərəfdən isə tarixi və mədəni bağları olan türk topluluqlarına dəstək göstərməyi məqsədləyir.