"TÜRK DÜNYASI MUZEYLƏRİNİN HƏFTƏSİ" KEÇİRİLİR

18-24 may tarixlərini əhatə edən "Türk dünyası muzeylərinin həftəsi" proqramının videokonfrans formatında keçirilən rəsmi açılışında Təhsil naziri Ceyhun Bayramov çıxış edərək bildirib ki, builki "Məktəblilər üçün muzey həftəsi" proqramının COVID-19 pandemiyası ilə əlaqədar onlayn platformada keçirilməsi nəzərdə tutulub.

Nazir şagirdlərin bədii estetik zövqlərinin formalaşması baxımından muzeylərin böyük əhəmiyyət kəsb etdiyini, məktəblilərin muzeylərə ekskursiyalarının təşkilinin təkcə muzeylər həftəsində deyil, digər vaxtlarda da təmin olunmasının vacibliyini qeyd edib. Virtual təşkil olunan ekskursiyaların keçirilməsində əsas məqsəd məktəbliləri dünya muzeylərinin kolleksiya fondu ilə tanış etmək, şagirdlərə ölkələrin qədim tarixi, milli-mənəvi dəyərləri barədə daha ətraflı məlumat verməkdir. Layihə çərçivəsində mayın 18-dən başlayaraq 24-dək hər gün Türk dövlətlərinin aparıcı muzeylərindən biri uşaq və gənclər üçün onlayn təqdimat, virtual ekskursiya təşkil edəcək. proqrama əsasən, mayın 20-də Qapar Aytiyev adına Qırğızıstan Milli İncəsənət Muzeyi, 21-də Türkiyənin Troya Muzeyi, 22-də Özbəkistan Dövlət Tarix Muzeyi və 23-də Macarıstan Milli Muzeyi öz eksponatlarını onlayn formatda təqdim edəcəklər. Xatırladaq ki,Ilk dəfə olaraq mayın 18-də Azərbaycan Milli Xalça Muzeyinə virtual tur təşkil olunub. Proqram ayın 24-də Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin gənc bələdçiləri tərəfindən muzeylərə onlayn ekskursiyaların təqdimatları ilə yekunlaşacaq.