TOVUZ DÖYÜŞLƏRİNDƏN ÜÇ İL ÖTÜR

Bu gün Tovuz döyüşlərinin başlamasından üç il keçir. 2020-ci ilin iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonu

istiqamətində atəşkəs rejimini kobud şəkildə pozublar.Ermənilər mövqelərimizi ələ keçirmək məqsədilə hücuma keçməyə cəhd göstəriblər.Görülən tədbirlər nəticəsində düşmən hücumunun qarşısı alınıb, onun müdafiəsinin ön xəttindəki atəş nöqtələri, müdafiəsinin dərinliyində yerləşən ehtiyatlar, dayaq məntəqələri, artilleriya qurğuları, müxtəlif təyinatlı hərbi obyektlər, döyüş texnikaları və yüzədək canlı qüvvəsi məhv edilib.Döyüşlərdə düşmən hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu – general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və daha 10 hərbçimizqəhramancasına şəhid olub. Qeyd edək ki, döyüşlər zamanı yaşayış məntəqələri, qeyri-hərbi obyektlərin intensiv atəşə tutulması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, fərdi mülklərə, eləcə də infrastruktur obyektlərinə ziyan dəyib. Ordumuzun qələbəsi ilə yekunlaşan Tovuz döyüşləri Azərbaycanın uzun illər ərzində işğal altında qalan torpaqlarının azad olunmasına yol açıb. Tovuzdakı şiddətli döyüşlər zamanı Azərbaycanda könüllü şəkildə orduya yazılmaq prosesi başladı. Bu döyüşlərdə məğlub olan Ermənistan Azərbaycana qarşı təxribatlarını genişləndirdi. Tovuz döyüşləri həm də həmin ilin sentyabrında başlayan Vətən müharibəsi üçün qığılcım rolunu oynadı. Azərbaycan ermənilərin davamlı təxribatlarına cavab olaraq sentyabrın 27-də güclü əks-hücum əməliyyatlarına başladı və 44 gün ərzində işğalda olan ərazilərini azad etdi.