TORPAQ QANUNVERİCİLİYİNİN POZULMASI HALLARI AŞKARLANIB
Baxış sayı: 548
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi dövlətimizin sosial-iqtisadi inkişaf strategiyalarının əsas prioritet hədəflərinə nail olunmasında ölkənin mühüm təbii və iqtisadi resursu olan torpaq ehtiyatlarının səmərəli idarəetməsinin təşkili və torpaq münasibətlərinin düzgün tənzimlənməsi xüsusi əhəmiyyət kəsb edir. Bu sözləri Xaçmazda keçirilən Zona müşavirəsində çıxış edən Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubov bildirib.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Xaçmaz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə noyabrın 5-də torpaq və əmlak idarəçiliyi sahəsinə həsr edilmiş zona müşavirəsi keçirilib. Müşavirədə Xaçmaz, Quba, Qusar və Şabran rayonlarının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının məsul əməkdaşları, bələdiyyələrin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Müşavirənin məqsədi torpaqların və dövlət əmlakının idarəedilməsi, istifadəyə verilməsi və onların mühafizəsi istiqamətlərində Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən irəli gələn vəzifələrin həyata keçirilməsi ilə bağlı Xidmətin fəaliyyəti barədə rayonların icra hakimiyyəti, digər dövlət qurumları və bələdiyyələrə məlumatın verilməsi, mövcud vəziyyətin təhlili, birgə fəaliyyət istiqamətlərinin və gələcək əməkdaşlıq perspektivlərinin müzakirə edilməsindən ibarət olub.