TOKİODA AZƏRBAYCAN MƏTBƏXİ NÜMAYİŞ OLUNDU

 Yaponiya paytaxtının Minato-ku rayonunda yerləşən Azabu Kids to-Teens Hall mərkəzində təşkil edilən təqdimat mərasimində Yaponiyada yaşayan azərbaycanlı xanımlar Nərgiz Talıbova və Nərminə Aslanova ölkəmiz, onun coğrafi mövqeyi, zəngin mədəniyyəti və tamı ilə bütün dünyaya səs salan mətbəxi haqqında ətraflı məlumat veriblər.

Bildirilib ki, bütün dünyada “Made in Azerbaijan” brendi ilə tanınan və öz keyfiyyəti ilə seçilən bir çox ərzaq məhsulları və içkilər artıq Yaponiya bazarında da özünə yer tutmaqdadır. Təqdimat zamanı yapon xanımların iştirakı ilə Azərbaycan mətbəxinin şahı hesab olunan plov, həmçinin kükü və manqal salatı hazırlanıb. Qədim və zəngin Azərbaycan mətbəxinin bu nümunələrinin hazırlanması qaydası və lazım olan inqrediyentlər barədə yapon xanımlara ətraflı məlumat verilib. Yapon xanımların iştirakı ilə hazırlanan bu yeməklər və Azərbaycan istehsalı olan nar şərabları qonaqlara təqdim edilib. İştirakçılar mətbəximizin nümunələrinin tamına baxdıqdan sonra onlara qoz və gilas mürəbbəsi ilə Azərbaycan çayı da verilib. Təqdimat Yaponiyanın J-Com telekanalı tərəfindən də videolentə alınıb.