TELEVİZİYA ƏVVƏLKİ NÜFUZUNA BU YOLLA QAYIDA BİLƏR
Baxış sayı: 22
Son günlər Azərbaycan TV-lərində baş verənlər geniş müzakirələrə səbəb olub. Tamaşaçılar daha çox əyləncəli-musiqili verilişlərə, aparıcıların özlərini apara bilməmələrinə, efirə yaraşmayan, etikadan kənar davranışlar sərgilələmələrinə etiraz edirlər.
Bəs efirlərin bu kökə düşməsinin səbəbi nədir? Bu sujetimizdə buna aydınlıq gətirməyə çalışacıyıq. Bir vaxtlar axşam saatlarında hamı işdən evə tələsir, ailə üzvlərini başını yığır və eyni ekrana baxırdı. Televiziya bizim üçün sadəcə cihaz deyildi. Televiziya bir ailə ənənəsi idi. Amma indi mənzərə tamam dəyişib. Netflix, YouTube və xüsusilə TikTok kimi platformalar istifadəçiyə , guya ona uyğun dünya təqdim edir. Əslində isə məqsəd tamam başqadır. Televiziya və radio kimi ənənəvi media Azərbaycan iqtisadiyyatında mühüm yer tutur. Bu strukturlar reklam gəlirlərindən həm öz fəaliyyətlərini saxlayır, həm də dövlət büdcəsinə vergi ödəyirlər. Lakin bu gün reklam bazarında ciddi bir struktur dəyişimi baş verib. Belə ki,bu dəyişim yerli medianın gəlirlərini azaldır, reklam pullarını isə xaricə yönəldir. Məsələn TikTok, Meta və Google kimi bir çox xarici rəqəmsal platformalar Azərbaycana reklam xidmətləri satır və bu xidmətlərə görə külli miqdarda gəlir əldə edirlər. Lakin onlar əldə etdikləri bu gəlirdən Azərbaycan büdcəsinə vergi ödəmirlər. Nəticədə reklam pulları ölkə xaricinə çıxır, bu isə yerli media üçün ciddi məhrumiyyətlər yaradır. Digər bir məsələ, bu platformaların əksəriyyəti xarici şirkətlərə məxsus olduğu üçün qlobal auditoriyaya hesablanıb. Nəticədə yerli mədəniyyət, milli dəyərlər və ortaq ictimai müzakirə mövzuları arxa plana keçir. Gənclər artıq yerli proqram qəhrəmanlarını deyil, qlobal fenomenləri izləyir. Bu isə uzunmüddətli perspektivdə Milli kimlik üçün risk yaradır. Məsələyə digər tərəfdən yanaşaq. İnsanları efirlərdən uzaqlaşdıran daha hansı səbəblər mövcuddur? Uzun illər efirlərdə reytinq yönümlü, emosional və qalmaqallı proqramların çoxluğu televiziya haqqında ümumi bir imic formalaşdırıb. Tamaşaçı artıq verilişə baxmadan kor-koranə qərar verir: “Onsuz da maraqlı deyil.” Bu psixoloji baryer ciddi verilişlərin də auditoriyasını azalmasına gətirib çıxardır. Bəs bu baryeri necə aradan qaldıraq? Bu baryeri aradan qaldırmaq üçün ilk növbədə televiziya “biz dəyişmişik” deməklə kifayətlənməməlidir. Bunun üçün televiziyalar davamlı və ardıcıl keyfiyyətli və samballı verilişlər təqdim etməklə tamaşaçının fikrini dəyişə bilər. Bunun üçün bu gün teleməkanda olan bir-iki uğurlu proqram kifayət etmir. Eyni prinsipiallıq və eyni standart uzun müddət qorunmalıdır ki, tamaşaçı yeni təcrübə qazansın və əvvəlki stereotip dağılsın. Nəticə etibarı ilə televiziya yalnız məzmun istehsal edən qurum deyil, televiziya həm də etimad yaradan ictimai institut olduğunu yenidən sübut etməlidir. Heç kimə sirr deyil ki, özəl kanalların əsas gəlir mənbəyi reklamdır. Son illərdə reklam büdcələrinin böyük hissəsi xarici rəqəmsal platformalara yönəldiyi üçün yerli televiziya kanallarının maliyyə imkanları zəifləyir. Halbuki televiziyalar əmək haqqı və sosial ödənişlər ödəyir, vergi verir. Buna görə də dövlətin, özəl kanalların maliyyə dayanıqlılığını qorumaq üçün müəyyən dəstək mexanizmləri yaratması zəruridir. AJB-nin sədri, Ayna-Zerkalo qəzetlərinin rəhbəri Elçin Şıxlı çıxış yolunu belə göstərdi. Əməkdar jurnalist Elçin Şıxlının da dediyi kimi bu yolla Azərbaycan televiziyaları həm ictimaiyyətlə etimad əlaqəsini bərpa edə bilər, həm də rəqəmsal çağın tələblərinə uyğun olaraq izləyici auditoriyasını genişləndirər. Bu həm də milli kontentin davamlı inkişafını təmin etmək deməkdir.
{youtube}ewSwVfKaN4E{youtube}
