TELEFONSUZ QALMAQ QORXUSU PSİXİ POZĞUNLUQDUR

Hər gün, hər saat smartfondan istifadə insan psixikasında dərin iz qoyur və asılılıq yaradır. Həkimlər bunu psixi pozğunluq kimi qəbul edirlər.

 

Psixiatr Viktor Rudov telefon asılılığının xəstəliyə çevrildiyini bildirib.

“Nomofobiya – telefonundan ayrılmaq, ayrı düşmək, telefonsuz qalmaq qorxusudur. Telefonun zərərləri az deyil: yuxusuzluq, depressiya, təşviş, diqqət yayqınlığı, sosial fobiya, skolioz. Üstəlik telefonsuz qalmaq qorxusu əlavə təşviş yaradır. Nomofobiya olan insanlar əsəbilik, həddindən artıq tərləmə, nəfəs almaqda çətinlik və həddindən artıq həyəcan da daxil olmaqla, digər fobiyalarla eyni simptomları yaşayırlar. Hazırda bu sindromdan telefon istifadəçilərinin 3-də ikisi əziyyət çəkir.

Hələ 2008-ci ildə aparılmış tədqiqatlar göstərmişdi ki, insanların 53%-i telefonunu heç vaxt söndürmür, 9%-i isə telefonsuz çox ciddi əsəb keçirir. Buda onu deməyə əsas verir ki, rəqəmsal asılılığı vaxtında saxlamaq lazımdır. Əks halda bu asılılıq dərinləşsə, yalnız psixiatrik metodlarla xilası mümkündür.

Psixikadan əlavə gadjetlərdən saatlarla istifadə beyini, empatiyanı və libidonu əzir.

Gündə 1 saat tam telefonsuz saat elan edin, 1 gün telefonu evdə unudun, kitab, kağız informasiyaya keçin, vizual canlı seyri artırın”, - deyə Rudov qeyd edib.