TARİXİN SİRLƏRLƏ DOLU TİKİLİLƏRİ

Arxeoloqların yolunu gözləyən “Qazan köşkü” yerləşdiyi önəmli coğrafi mövqeyə görə Azərbaycan və onun ecazkar guşələri tarixən fatehlərin maraq dairəsində olub. Amma düşmənə boyun əyməmək və onlarla sonadək mübarizə aparmaq üçün sıldırım qayalara qalxan məğrur insanlarımız burada yenilməz qalalar ucaldıblar. Yüksək müdafiə tikililəri olan bu qalalardan biri də Cəlilabad ərazisində yerləşən “Qazan köşkü”dür. Cəlilabad özünün tarixin müxtəlif dövrlərinə aid arxeoloji abidələri ilə zəngin rayondur. Burovar silsiləsinin ən ucqar nöqtələrindən birində -dəniz səviyyəsindən təqribən min metr yüksəklikdə inşa olunan “Qazan köşkü” dairəvi, ellips formasında olmaqla, bir hektardan artıq sahəni əhatə edir. Qazan köşkünün hansı tarixi dövrə aid olması bu gün də mübahisəli olaraq qalır. Yerli tədqiqatçıların və bəzi alimlərin qala və qalaətrafı tarixi yerlərdə apardıqları müşahidələr, yoxlama qazıntıları nəticəsində əldə olunan maddi mədəniyyət nümunələri Qazan köşkünün XIV-XV əsrlərə yox, ondan 600-800 il əvvələ gedib çıxdığını təxmin edir.