TARİXİN BU GÜNÜ (17 Aprel)

17 Aprel bəstəkar, Azərbaycan Musiqili Komediya Teatrının banilərindən biri Zülfüqar Hacıbəylinin doğum günüdür. 1884-cü ilin bu günü dünyaya gələn Zülfüqar Hacıbəyli, Üzeyir Hacıbəylinin qardaşı, bəstəkar və dirijor Niyazinin isə atasıdır.

O, ilk Azərbaycan operettası olan "Əlli yaşında cavan"ın müəllifidir. Zülfüqar Hacıbəyli , 1935-ci ildə oğlu, dirijor Niyazi ilə birlikdə Cəfər Cabbarlının pyesi əsasında çəkilən ilk səsli Azərbaycan filminə - "Almaz"a musiqi yazıb.Bu gün həm də Azərbaycanın tanınmış opera müğənnisi Lütfiyar İmanovun doğum günüdür. 17 aprel 1929-cu ildə Sabirabadda anadan olan Lütfiyar İmanov, ilk dəfə 1957-ci ildə Moskvada Üzeyir Hacıbəylinin “Koroğlu” operasında baş rolda çıxış edib. 1958-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub. 1968-ci ildən başlayaraq 30-dan çox operada baş rolda çıxış edib. "Karmen", "Faust", "Otello", "Trubador", "Aida", "Riqoletto" və digər klassik opera əsərlərində rol alıb. 1987-1991-ci illərdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri olan görkəmli sənətkar 2008-ci ildə vəfat edib.1989-cu ildən bəri hər il 17 aprel Ümumdünya Hemofiliya Günü kimi qeyd edilir. Hemofiliya qanın laxtalanması prosesinin pozulması ilə əlaqədar olan irsi xəstəlikdir. Xəstəliyin əlamətləri erkən uşaqlıq dövründə, çox vaxt körpənin həyatının 4-5-ci gününə qədər özünü göstərir.Xəstəlik zamanı oynaqlara, əzələlərə və daxili orqanlara öz-özünə zədə və ya cərrahi müdaxilə nəticəsində qanaxma baş verir. Hətta xırda zədələr nəticəsində hemofiliyalı xəstələrin beyninə və ya digər orqanlarına qan axmasının ölümlə nəticələnməsi ehtimalı yüksəkdir. Bəzi məlumatlara görə, hazırda dünyada hemofiliya xəstələrinin sayı 400 min nəfərə çatır.Dünya Səhiyyə Təşkilatının və Dünya Hemofiliya Federasiyasının təşəbbüsü ilə aprelin 17-si Dünya Hemofiliya Günü elan edilib. Həmin tarixin seçilməsi Dünya Hemofiliya Federasiyasını yaratmış Frenk Şnaybelin doğum günü ilə əlaqədardır. Onun təsis edilməsinin və qeyd olunmasının məqsədi qanın laxtalanması prosesinin pozulması ilə əlaqədar irsi xəstəlik olan hemofiliyadan əziyyət çəkən insanların hər gün üzləşdiyi problemlərə dünya ictimaiyyətinin, siyasətçilərin və səhiyyə işçilərinin diqqətini cəlb etmək, bu barədə onların məlumatını artırmaqdır.