TARİXİN BU GÜNÜ(15 May)

Mayın 15-i Beynəlxalq Ailə Günü kimi qeyd olunur.Beynəlxalq Ailə Gününün təsis edilməsində əsas məqsəd dünya ictimaiyyətinin diqqətini müasir ailə ilə bağlı problemlərə cəlb etməkdir.

Bununla beynəlxalq səviyyədə ailələr, onların rifahı, ailənin risk altına düşməsinin qarşısının alınması, həyat şəraitinin yaxşılaşdırılması kimi məsələləri gündəliyə gətirmək nəzərdə tutulub. Bu aksiya planetimizdə yaşayan bütün insanların diqqətini bir daha ailə problemlərinin həllinə yönəltməyə xidmət edir.Beynəlxalq Ailə Günü BMT-nin Baş Assambleyasının qətnaməsinə müvafiq olaraq 1994-cü ildən qeyd olunur. Azərbaycan 2008-ci ildən bu ənənəyə qoşulub. Respublikamızda ailə bayramının qeyd olunması dövlət qadın siyasətinin əyani təcəssümüdür. 15 may həmçinin Beynəlxalq İqlim Günüdür.Bu günün qeyd edilməsində əsas məqsəd cəmiyyətin diqqətini indiki və gələcək nəsillərin rifahına təsir edən və əhəmiyyətli resurs olan iqlimin müdafiəsinə yönəltməkdir.İqlimin qorunması hazırda bəşəriyyət qarşısında duran qlobal problemlərdən biridir. Qlobal istiləşmə, atmosfer qatında artan ozonun miqdarı, təbii fəlakətlər, planetin hava şəraitinin dəyişməsi - bunlar hamısı Yer kürəsinin iqliminin pisləşməsinə səbəb olur. Nəticədə insanların ərzaq, həyati və mülki təhlükəsizliyi sual altında qalır, təbii resursların vəziyyətinə və dövlətlərin dayanıqlı inkişafına mənfi təsir göstərir.Yer kürəsinin iqliminin stabil saxlanılması planetin hər bir sakinindən asılıdır. Avtomobildən çox istifadə etməməklə, mənzillərdə işıqlandırma məqsədilə enerjiyə qənaət edən mənbələrdən istifadə ilə, ağac əkinlərinə və yaşıllıqların müdafiəsi aksiyalarına qoşulmaqla iqlimin qorunmasında pay sahibi olmaq olar. Hər kəsə kiçik görünən bu əməllər əslində Yer kürəsi üçün böyük mənanı ifadə edir... Bügün dəyərli Bəstakar Rauf Hacıyevin doğum günüdür.Rauf Soltan oğlu Hacıyev 1922-ci il mayın 15-də Bakı şəhərində anadan olubÜç yaşınadək gözləri görməyib, sonrandan görmə qabiliyyəti açılıb.Onun musiqi istedadı erkən yaşlarından özünü büruzə verib. Rauf Hacıyevin bəstəkarlıq sahəsində formalaşmasında Üzeyir Hacıbəyovun mühüm əhəmiyyəti var. Belə ki, Raufun fortepiano üçün pyeslərini ("Tarantella", "Dağıstan", "Ləzgihəngi") dinlədikdən sonra dahi bəstəkar onun fitri istedadını yüksək qiymətləndirib və il yarım onunla məşğul olandan sonra Rauf bir neçə mahnı bəstələyib.Onların arasında xüsusilə "Samur", "Mingəçevir", "Gənclik marşı" ona şöhrət gətirib.Ilk gənclik məhsulu olan bu mahnılardan sonra mahnı janrı R. Hacıyevin yaradıcılığında aparıcı əhəmiyyət kəsb edir. Xüsusilə bəstəkarın həm ifaçılar, həm də musiqisevərlər arasında "Mənim Azərbaycanım", "Bahar gəlir", "Sevimli şəhər", "Bakı haqqında mahnı", "Leyla", "Neft daşlarında" və digər mahnıları daha çox populyarlıq qazanır: Görkəmli bəstəkar Rauf Hacıyev 1995-vi ildə 73 yaşında vəfat edib.