TARİXDƏ BU GÜN (8 May)

8 may Azərbaycanın dilbər guşələrindən biri, Qarabağ xanlığının tarixi paytaxtı Şuşanın işğalından 28 il ötür.Şuşaya son hücum 1992-ci il mayın 7-dən 8-nə keçən gecə başlayıb.

Şəhər dörd bir tərəfdən raket, top, tank və digər silahlardan şiddətli atəşə tutulub. Şəhər mayın 8-də axşamadək müdafiə olunsa da, silah-sursat və canlı qüvvə sarıdan üstün olan işğalçıların qarşısında tab gətirə bilməyib. Əslində alınmaz qala sayılan Şuşanın belə qısa müddətdə süqut etməsinin səbəblərindən biri şəhərin müdafiəsinin yetərincə təşkil olunmaması idi. Ermənistan isə Şuşa ətrafına çoxsaylı hərbi texnika və canlı qüvvə yığmışdı. Şəhərin müdafiəsi zamanı 195 dinc sakin şəhid olub, 165 nəfər yaralanıb. Ermənilər tərəfindən əsir götürülərək Şuşa həbsxanasında saxlanılan 114 azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirilib. Şəhərin 58 sakini itkin düşüb.Düşmən Şuşadakı bir çox qiymətli tarixi-mədəniyyət abidələrini dağıdıb və talan edib. Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür.Valideynlərdən uşağa gen vasitəsilə keçən ağır irsi qan xəstəliyi olan talassemiya-genetik defekt nəticəsində hemoqlobin sintezinin pozulması və xroniki anemiya ilə xarakterizə olunur.Talassemiya erkən təzahür etdiyi halda uşağın fiziki və əqli inkişafının ləngiməsinə, üz skeletinin kobud dəyişikliyinə səbəb olur. Bu dəyişikliklər kvadrat kəllə, yəhərvari burun, dişlərin yerdəyişməsi, alt və üst çənələrin üst-üstə düşməməsi və sairələridir. Talassemiya müalicə olunmayan xəstəlikdir. Xəstə uşağın vəziyyətini ona qan köçürməklə yüngülləşdirmək olur. Talassemiyanın daha bir müalicə üsulu isə sümük iliyinin köçürülməsidir.Talassemiyanın ən ağır formalarına əksər hallarda qan qohumluğu olan nikahlarda təsadüf edilir. Bu gün Dünya Qırmızı Xaç və Qızıl Aypara Günüdür.1953-cü ildən bəri qeyd olunan Dünya Qırmızı Xaç və Qızıl Aypara Hərəkatı Günü 1828-ci il mayın 8-də anadan olan isveçrəli ictimai xadim, Nobel Sülh mükafatı laureatı Anri Dünanın şərəfinə təsis edilib.Dünanın təşəbbüsü ilə XIX əsrin ortalarında ilk dəfə döyüş meydanlarında yaralılara yardım göstərmək məqsədilə könüllülər qrupu yaradılmağa başlayıb. 1863-cü ildə onun təşəbbüsü ilə Qırmızı Xaçın fəaliyyətə başlamasını elan etmək üçün konfrans çağırılıb. İlk dəfə Qırmızı Xaç Günü 1948-ci ildə qeyd edilib. Lakin müəyyən vaxtlarda onun adı dəyişdirilib. 1986-cı ilin oktyabrında keçirilən Qırmızı Xaçın 25-ci beynəlxalq konfransında təşkilatın yeni adı – Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Hərəkatı olaraq təsdiq edilib.Bu qurumun vəzifəsi hərbi münaqişələr zamanı yaralılara, xəstələrə və əsirlərə, təbii fəlakət qurbanlarına kömək göstərməkdən ibarətdir.Hazırda dünyanın 190 ölkəsində Beynəlxalq Qırmızı Xaçın əməkdaşları və könüllüləri fəaliyyət göstərir, o cümlədən Azərbaycanda. Bu gün xalq artisti, görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür. Soltan Hacıbəyov 1919-cu il mayın 8-də Şuşada doğulub.Gələcək bəstəkarın yetişməsində, formalaşmasında xalq musiqisinin böyük təsiri olub.1930-cu ildə S.Hacıbəyov Bakıya köçüb. 1936-cı ildən öz əmisi Üzeyir Hacıbəylinin ailəsində yaşayıb, tərbiyə alıb.Onun ilk əsəri xor və simfonik orkestr üçün yazılmış “Pioner kantata”sı və “Qızıl gül” musiqili komediyasıdır.Böyük Vətən müharibəsi illərində S.Hacıbəyov qəlbi vətən məhəbbətilə alovlanan mərd, sadə insanların qəhrəmanlığına həsr olunmuş bir sıra əsərlər yazıb. “Döyüşçülər nəğməsi”, 416-cı Taqanroq diviziyasına həsr edilmiş xalq çalğı alətləri orkestri üçün marş əsərləri buna misaldır.Bəstəkarın uşaqlar üçün yazdığı əsərlərinin mövzuları müxtəlifdir. Burada həm pioner həyatı, həm də təbiət təsvirləri var.1953-cü ildə bəstəkar “Oynaq topum”, “Lay-lay”, “Bənövşə”, “Bahar gəldi”, “Yolka”, “Pioner marşı” 6 uşaq nəğməsi yazıb.S.Hacıbəyov bir çox tamaşalara musiqi bəstələyib. Bunlardan M.İbrahimovun “Məhəbbət”, “Kəndçi qızı”, S.Vurğunun “İnsan”, S.S.Axundovun “Eşq və İntiqam”, S.Rəhmanın “Əliqulu evlənir” və bir çox başqa əsərlərinin adını xatırlamaq lazımdır.S.Hacıbəyov 1974-cü ildə vəfat edib. Onun adı Sumqayıt musiqi məktəbi ilə əbədiləşdirilib.