TARİXDƏ BU GÜN (6 İyun )

Bu gün Müasir rus ədəbi dilinin banisi, şair və dramaturq Aleksandr Puşkininin doğum günüdür.Aleksandr Sergeyeviç Puşkin 1799-cu il iyunun 6-da Moskvada anadan olub.

1811-ci ildə liseyə qəbul olub. 1817-ci ildə bitirdikdən sonra Xarici İşlər Kollegiyasına təyinat alıb. 1819-cu ildə dekabristlərin rəhbərlik etdiyi “Yaşıl çıraq” ədəbi-teatr cəmiyyətinə üzv olub. “Çaadayevə”, “Kənd”, “Ruslan və Lyudmila”, “Qafqaz əsiri”, “Baxçasaray fontanı”, “Quldur qardaşlar”, “Yevgeni Onegin”, “Xəsis cəngavər” və başqa əsərlərin müəllifidir. Çar rejimi əleyhinə yazdıqlarına görə bir neçə dəfə sürgün olunub. Aleksandr Sergeyeviç Puşkin 1837- ci il yanvarın 29-da vəfat edib. 6 İyun həmçinin Azərbaycanın əməkdar rəssamı, ilk monumentalçı qadın heykəltəraş Münəvvər Rzayevanın doğum günüdür.Münəvvər Məcid qızı Rzayeva 1929-cu ildə Şuşada anadan olub. Bakıda Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində və V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsində təhsil alıb. Azərbaycan Rəssamlar İttifaqının, Mədəniyyət Nazirliyinin Dövlət Komissiyasının üzvü olub,Azərbaycan EA Nizami adına Ədəbiyyat Muzeyində bərpaçı rəssam kimi fəaliyyət göstərib və bir sıra heykəlləri bərpa edib. Hüseyn Cavid,Sergey Yesenin,Nəriman Nərimanov,Mikayıl Müşfiq və Nazim Hikmətin büstləri onun yaradıcı fəaliyyətində xüsusi yer tutur. Əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi,Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Ordubadi muzeyi, Siyəzən mədəniyyət evi və Bədii Fondda saxlanılır. Münəvvər Rzayeva 2004-cü il iyunun 6-da doğum günündə vəfat edib Bu gün Görkəmli Azərbaycan alimi, filosof və ədəbiyyatşünas Firudin bəy Əhməd bəy oğlu Köçərlinin anım günüdür. O, 1863-cü il yanvarın 26-da Şuşada anadan olub. Qori Müəllimlər Seminariyasını bitirib, bir müddət İrəvan gimnaziyasında, sonra isə Qori seminariyasında dərs deyib, ədəbi fəaliyyətə də həmin vaxtdan başlayıb. Azərbaycan ədəbiyyatı tarixinə aid ilk əsərlərdən olan «Azərbaycan ədəbiyyatı», «Mirzə Fətəli Axundov» kitabçalarını nəşr etdirib. 1908-ci ildə «Azərbaycan türk ədəbiyyatı» adlı fundamental əsərini bitirib. Molla Pənah Vaqif, Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Çexov, Qoqol və başqaları haqqında elmi məqalələr yazıb. Tərcümə sahəsində də səmərəli çalışıb. 1918-ci ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini Qazax şəhərinə köçürərək, onu müstəqil milli seminariyaya çevirib. Firudin bəy Köçərli 1920-ci ildə dünyasını dəyişib.