TARİXDƏ BU GÜN 27 Aprel

Bu gün kamança ifaçısı, Azərbaycan Respublikasının Əməkdar artisti Ədalət Vəzirovun doğum günüdür.Ədalət Səfərəli oğlu Vəzirov 27 aprel 1951-ci ildə Bakı şəhərində anadan olub.

Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında təhsil alan Ədalət Vəzirov 1974-cü ildə Moskvada keçirilən V Beynəlxalq Musiqi müsabiqəsinin qalibi olub. 1980-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında və Sumqayıt Musiqi məktəbində müəllim işləyib və bir çox tanınmış musiqiçilər yetişdirib. Ədalət Vəzirov kamança ifaçılığından əlavə peşəkar fortepiano və qarmon ifaçısı idi. Əməkdar artist xalq mahnısı, rəqs, rəng və təsniflərini, muğamları, üçlükdə xanəndəni, tarzəni düzgün müşayiətlə yanaşı, Azərbaycan və dünya bəstəkarlarının əsərlərini yüksək səviyyədə ifa etmək bacarığına malik bir ifaçı olub. Ədalət Vəzirov 5 oktyabr 2002-ci ildə vəfat edib. 27 Aprel doğum gününü qeyd edənlər arasında Azərbaycanın xalq artisti,musiqiçi və sənətkarı, tanınmış virtüoz balaban ifaçısı və ustadı Əlixan Səmədov da var . Əlixan Səmədov 27 aprel 1964-cü ildə Sumqayıtda musiqiçi ailəsində anadan olub. Səməd Vurğun adına Musiqi Məktəbində və Nəriman Nərimanov adına Mədəniyyət Evində qarmon təhsili alıb, Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. Nəfəsli alətləri (balaban, klarnet, qaboy, tütək, zurna, saksafon) və xalq çalğı alətlərini (nağara, qoşanağara, dəf, qarmon) böyük bir ustalıqla ifa edən Əlixan Səmədov 1993-cü ildə musiqi sənətini daha da inkişaf etdirmək məqsədi ilə Türkiyəyə köçüb və balabanı ilə qısa müddətdə böyük dinləyici kütləsi qazanıb. O,“Balaban metodu” kitabının müəllifidir. Əlixan Səmədov müxtəlif mükafatlara layiq görülüb. Bu gün SSRİ xalq artisti, violonçel ifaçısı və dirijor Mstislav Leopoldoviç Rostropoviçin anım günüdür. O,1927-ci il martın 27-də Bakıda dünyaya gəlib. Dörd yaşında anasından fortepianoda, on yaşında isə tanınmış violonçel ifaçısı olan atası Leopold Rostropoviçdən bu alətdə ifa etməyi öyrənib. 1943-cü ildə Moskvaya köçüb. 16 yaşında Moskva Konservatoriyasına qəbul olunub və orada fortepiano, violonçel ifaçılığı ilə yanaşı, dirijorluq və bəstəkarlıq ixtisaslarına da yiyələnib. İlk violonçel konsertini 1942-ci ildə verib, üç il sonra isə SSRİ-də ilk dəfə keçirilən gənc musiqiçilərin birinciliyində qızıl medala layiq görülüb. 1974-cü ildə Rostropoviç ailəsi ilə birgə Sovetlər İttifaqını tərk edərək ABŞ-a yollanır.1977-1994-cü illərdə Vaşinqtonda ABŞ Milli Simfonik Orkestrinin bədii rəhbəri və dirijoru kimi fəaliyyət göstərən dünya şöhrətli musiqiçi çoxsaylı mükafatlara və ordenlərə, o cümlədən Azərbaycanın "Heydər Əliyev" ordeninə, Fransanın “Şərəf Legionu” ordeninə, müxtəlif universitetlərin fəxri doktoru adına və digər mükafatlara layiq görülüb. Mstislav Rostropoviç 2007-ci ilin aprelin bu günündə Moskvada vəfat edib.