TARİXDƏ BU GÜN(18 may)

Bu gün Azərbaycanın dilbər guşələrindən olan Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 28 il ötür.Laçın rayonu 1992-ci il mayın 18-də işğal olunub.
İşğal nəticəsində 60 min nəfərə yaxın insan öz dədə-baba torpaqlarından qovulub, 267 nəfər öldürülüb, 66 nəfər girov götürülüb, rayona 7,1 milyard ABŞ dollarından çox məbləğdə ziyan dəyib.Laçının işğalı nəticəsində rayondakı 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri, 13 min 745 yaşayış evi talan və məhv edilib, 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə erməni vandalizminə məruz qalıb. İctimai və şəxsi təsərrüfatlardakı 25 min baş iri və 200 min başdan çox davar, minlərlə arı ailəsi, əhalinin bütün varidatı qarət edilib. Mayın 18-i Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. Bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir.Bu bayram qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanda da geniş miqyasda qeyd edilir. Hazırda ölkəmizdə 200-dən çox muzey fəaliyyət göstərir və onların ekspozisiyaları azərbaycançılıq məfkurəsini uğurla təbliğ edirlər. Bu gün Türk dünyasının böyük şairi, yazıçı və ədəbiyyatşünas Oljas Süleymenovun doğum günüdür. Oljas Ömər oğlu Süleymenov 1936 –cı ilin bu günündə Qazaxıstanın Аlma-Ata şəhərində anadan olub. Oljas Süleymenovun əsərləri müxtəlif dillərdə çap olunub.Buraya məşhur “Az i Ya”, “Gil kitab”, “Sözün kodu”, “Türklər tarixdən əvvəl” adlı elmi-tədqiqat əsərləri, “Tanrının təbəssümü” adlı şeirlər toplusu, habelə O.Süleymenovun həyat və yaradıcılığından bəhs edən “Oljas fenomeni” adlı kitab daxildir.Dünyanın 22 görkəmli mütəfəkkiri siyahısına daxil edilən, bir çox ölkələrin, o cümlədən Azərbaycan, Rusiya, Türkiyə və Ukraynanın ali dövlət mükafatları ilə təltif olunan Oljas Süleymenovun tarix, etimologiya, linqvistika və türkologiya sahələrindəki araşdırmaları, elmi dairələrdə güclü rezonans doğuran elmi-publisistik yazıları ona bütün Avrasiya məkanında böyük şöhrət gətirib. Görkəmli yazıçı 2016-cı ildə Bakıda AMEA Elmi Şurasının qərarı ilə xalqlar arasındakı dostluğun möhkəmləndirilməsində əvəzsiz xidmətlərinə görə, Nizami adına Ədəbiyyat İnstitutunun Fəxri Doktoru adına layiq görülüb. 18 may aktrisa Ofeliya Aslanın anım günüdür.Ofeliya Aslan 1939-cu ildə Bakıda doğulub. İncəsənətə olan marağı uşaqlıq illərindən ailədə formalaşıb.1963-cü ildən Musiqili Komediya Teatrında əvvəl xor artisti, sonra isə aktrisa işləyib. Uzun müddət fasilədən sonra 1997-ci ildən yenidən teatra qayıdıb və aktrisa kimi fəaliyyətini davam etdirib.İlk rolu "Durna" komediyasında Lalə obrazı olub. Bundan sonra aktrisa "Beşmanatlıq gəlin"də Gülnaz, "Arşın mal alan"da Telli, "Hicran"da Çarleston, "Axırı yaxşı olar"da Dilbər və başqa rolları bacarıqla ifa edərək, tamaşaçıların rəğbətini qazanıb. Ofeliya Aslan uzun illər görkəmli aktyor Səyavuş Aslanın ömür-gün yoldaşı olub. Ürək xəstəliyindən əziyyət çəkən mərhum aktrisa 2010-cu il mayın 18-də Bakıda vəfat edib.