TARİXDƏ BU GÜN (13 May)

Bu gün Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin anım günüdür.Qara Qarayev 5 fevral 1918-ci ildə Bakıda anadan olub.

1935-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında professor Rudolfdan bəstəkarlığın, Üzeyir Hacıbəyovdan isə xalq musiqisinin əsaslarını öyrənib.Daha sonra təhsilini Moskva Konservatoriyasında davam etdirib. Q. Qarayev 1937-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqına üzv seçilib."Yeddi gözəl", "İldırımlı yollarla" baletləri, "Don Kixot", "Alban rapsodiyası" simfonik qravürləri, "Leyli və Məcnun" simfonik poeması və s. Q.Qarayevin dünya musiqi xəzinəsinə bəxş etdiyi incilərdəndir. Görkəmli bəstəkar 1982-ci ilin bu günündə 64 yaşında vəfat edib. 13 May həmçinin Xalq yazıçısı Elçin Əfəndiyevin doğum günüdür. Elçin Əfəndiyev 1943-cü ilin bu günündə Bakıda, tanınmış yazıçı İlyas Əfəndiyevin ailəsində dünyaya göz açıb. Uşaqlıq çağlarından etibarən ədəbi mühitin içində, kitabların əhatəsində olub. Onun "Min gecədən biri" adlı ilk hekayələr kitabı 1965-ci ildə çapdan çıxıb. Bundan sonra Elçinin dünyanın müxtəlif dillərində 100-ə yaxın kitabı nəşr olunub,əsərləri bir sıra dillərə tərcümə edilib. Kitablarının ümumi tirajı 5 milyondan çoxdur.Xalq yazıçısı 2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb. Bu gün Azərbaycan klassik poeziyasının görkəmli nümayəndələrindən olan Molla Vəli Vidadinin anım günüdür. Molla Vəli Vidadi 1709-cu ildə Şəmkirdə anadan olub. Humanist sənətkar olan Vidadinin yaradıclığında vətənə, zəhmətkeşlərə məhəbbət güclüdür. Şairin "Dəli könül, gəl əylənmə qürbətdə", "Ey həmdəmim, səni qana qəra eylər", "Xəstə düşdüm, gələn yoxdur üstümə" kimi şeirlərində vətən həsrəti, qəriblik iztirabı səmimi və təsirlidir.Vidadinin aşiqanə şeirləri də var. Vidadi lirikası yüksək bədii sənətkarlıq nümunəsidir. Vidadi realist təsvirə meyl edən şairlərdən olub.Bir sıra əsərləri rus dilinə və digər dillərə tərcümə olunub.Molla Vəli Vidadi 1809-cu ilin bu günü vəfat edib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli qərarı ilə Molla Vəli Vidadi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib. 13 may Görkəmli Azərbaycan şairi Hikmət Ziyanın doğum günüdür.Əfəndiyev Hikmət Ziya oğlu 1929-cu ildə Şəki şəhərində anadan olub. ADU-nun filologiya fakültəsində təhsil alıb. Ədəbi yaradıcılığa 1952-ci ildə "Azərbaycan pioneri" qəzetində çap edilən "Qeqola" adlı ilk şeiri ilə başlayıb. Sonra satirik şeirləri, eyni zamanda "Atamın hədiyyəsi" , "Bahar gözəldir, ya qış?", "Milçək ürəyi" kitabları çap olunub. "Sınaq", "Ekiz qardaşlar" pyesləri tamaşaya qoyulub. Librettolarına və şeirlərinə musiqi bəstələnib. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə tərcümə olunub. "Mozalan" satirik kino-jurnalı bədii şurasının, Ümumittifaq uşaq və gənclər ədəbiyyatı şurasının, "Azərbaycan pioneri" və "Literaturnıy Azerbaydjan" jurnalı redaksiya heyətinin üzvü olub.Azərbaycanın Əməkdar incəsənət xadimi Hikmət Ziya 1995-ci il avqustun 2-də Bakıda vəfat edib .Adına "Hikmət Ziya" ədəbiyyat mükafatı təsis edilib.