Dövlət başçımızın tapşırığına əsasən Quba rayonunda vətəndaşlarla keçirilən səyyar görüş-qəbullar həlli vacib olan məsələlərin müəyyənləşdirilərək icra olunmasına müsbət töhfələr verir.Bu sıradan növbəti səyyar görüş-qəbul Zizik kəndində keçirilib.
Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin Alekseyevka İnzibati Ərazi Dairəsinə daxil olan Zizik kəndində vətəndaşlarla keçirdiyi səyyar görüş-qəbulda idarə,müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib. İcra başçısı kənd əhalisini maraqlandıran məsələlər, bu yaşayış məntəqəsinin mövcud sosial durumu ilə maraqlanıb, sakinlərin fərdi müraciətlərini dinləyib.Qeyd olunub ki,dövlət başçımızın tapşırığına əsasən yerlərdə vətəndaşlarla keçirilən səyyar görüş-qəbullar həlli vacib olan məsələlərin müəyyənləşdirilərək icra olunmasına müsbət töhfələr verir. Səyyar görüş-qəbulda son dövrlər Quba rayonunda həyata keçirilən uğurlu sosial-iqtisadi layihələr, geniş vüsət alan tikinti-quruculuq, yol-infrastruktur işlərindən razılıqla söhbət açılıb.Əldə olunan nailiyyətləri yüksək qiymətləndirən ziziklilər kənd yollarının təmir olunması, yeni məktəb binasının tikintisi, köhnəlmiş taxta elektrik dirəklərinin yenilənməsi,kommunal xidmət sahələrinin fəaliyyətinin daha da gücləndirilməsi, suvarma suyu təminatının yaxşılaşdırılması kimi müraciətlər də səsləndiriblər.Quba rayon icra hakimiyyəti başçısının mütəmadi olaraq yerlərdə vətəndaşlarla görüşlər keçirməsinin əhəmiyyətini vurğulayan kənd sakinləri vətəndaşlar tərəfindən qeyd olunan məsələlərə həssaslıqla yanaşılmasını, az müddət ərzində müraciətlərin icra olunmasını yüksək qiymətləndiriblər. Səyyar görüş-qəbuldan sonra vətəndaşların müraciəti əsasında Zizik kənd orta məktəbi binasına baxış keçirən Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev ərazidə yeni tədris ocağının tikintisinə ehtiyac olduğunu və bu istiqamətdə hər cür lazımi tədbirin görüləcəyini bildirib.