Səudiyyə Ərəbistanının futuristik eko-şəhəri Neomda “görünməz” hotel tikiləcək. Bu barədə “Dezeen” öz mənbələrinə istinadla xəbər verib. Bildirilir ki, Leyca bölgəsində inşası
planlaşdırılan üç premium hoteldən biri olacaq “The Wellness Hotel” tamamilə aynalı fasad sayəsində ətraf aləmlə eyniləşəcək. Leyca - Eylat körfəzi sahillərində səhra vadisində yerləşən Neom eko-şəhərinin beşinci bölgəsidir. Verilən bilgiyə görə, təqdim olunan üç mehmanxananın hər biri 40 nömrədən ibarət olacaq, onlar vadinin üstündəki 400 metrlik qayalar boyunca yerləşəcək. Birinci hotel “Adventure” adlanır. Bina memar Kris van Deyn tərəfindən dizayn edilib. Qayaların üstündə terrasları və hovuzları olacaq hotel bir neçə otaqdan ibarətdir. İtalyan memar Mario Kuçinellanın dizayn etdiyi ikinci hotel “Oasis” xarici görünüşünə görə qayaları xatırladır. Burada müşahidə meydançası və bağlar nəzərdə tutulub, damda isə hovuzun yerləşdirilməsi planlaşdırılır. Şon Killin üçüncü hoteli olan “The Wellness Hotel” güzgülərdən hazırlanmış fasad sayəsində “görünməz” olacaq. Neom, Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əs Səudun 500 milyard dollarlıq layihəsidir. Şəhərə on rayonun daxil olması planlaşdırılır. 2029-cu ildə orada Qış Asiya Oyunları keçiriləcək.