SƏNAYE ƏHƏMİYYƏTLİ MEŞƏLƏR SALINACAQ

Yaxın vaxtlarda Azərbaycanda sənaye əhəmiyyətli meşələrin salınması planlaşdırılır. Həmin məqsədlə tez böyüyən ağac cinslərindən istifadə olunacaq. Bu da həmin ağacların ağac emalı sənayesində

davamlı olaraq istifadə edilməsi ilə əlaqədardır. Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov deyib.

Departamentin direktorunun sözlərinə görə, meşə təsərrüfatından sənaye məqsədləri ilə istifadə üçün yaxın vaxtlarda bu sahədə geniş işlərin görülməsi nəzərdə tutulub: “Fiziki və hüquqi şəxslərə, iş adamlarına tövsiyə edirik ki, özlərinə məxsus torpaq sahələrində bu tip ağac cinslərini yetişdirsinlər. Bu işdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi olaraq bütün müraciətləri dinləməyə hazırıq. Öz tövsiyələrimizi verə və ağac cinslərinin seçilməsində kömək edə bilərik. Onu da qeyd edim ki, eyni zamanda, meşə fondunun açıq sahələri də bu məqsədlə sahibkarlara icarəyə verilə bilər”.