Su ehtiyatlarının azalması bütün dünya miqyasında getdikcə narahatlıq doğurur. Ölkəmizin ekoloq və mütəxəssisləri də bu sahədə “həyəcan təbili” çalır və istər kənd təsərrüfatında, istərsə də məişətdə sudan qənaətlə istifadə etməyi məsləhət görürlər.
Mütəxəssislərin fikrincə Azərbaycan su ehtiyatları ilə zəif təmin olunan ölkələr sırasına daxildir. Respublikamızın su ehtiyatları cəmi 31 kubkilometrdir. Bunun təqribən 21 min kubkilometri qonşu ölkələrdə, 10 kubkilometri isə ölkə daxilində formalaşır. Respublikamız əsasən subtropik iqlim qurşağında yerləşdiyinə görə su ehtiyatları ilə təbii şəraitə uyğun olaraq az təmin olunub. Azərbaycanın su ehtiyatlarına, ilk növbədə, çay, göl, su anbarları, kanallar, buzlaqlar daxildir və çaylar başlıca olaraq həmin yerüstü mənbələr hesabına qidalanır. Ölkəmizin ərazisində 8400-ə qədər çay var. Lakin onlardan yalnız 21-nin uzunluğu 100 kilometrdən artıqdır, 7900-dən çox çayın uzunluğu isə 10 kilometrdən azdır. Ölkəmizin ərazisində 6-6,5 kvadratkilometr daimi buzlaqlar var. Həmin buzlaqlar çayların qidalanmasının əsas mənbəyidir və onların sahəsi getdikcə azalır. Su ehtiyatlarının azalmasının səbəbi ona olan tələbatın çoxalmasıdır, əhalinin sayının artımı nəticəsində əlavə ərazilər kənd təsərrüfatı dövriyyəsinə daxil edilir və həmin ərazilərin su ehtiyatlarından istifadə etməsi azalmaya səbəb olur. İqlim amilləri də burada ən əsas rol oynayır. Həmin dəyişikliklər həm dünyada, həm də ölkəmizdə özünü göstərir. Temperaturun yüksəlməsi, atmosfer yağıntılarının azalması və buxarlanmanın çoxalması iqlim dəyişikliyinə və nəticədə su ehtiyatlarının azalmasına aparıb çıxarır. Alimlər hesab edir ki, istər əkin sahələrinin suvarılmasında, istərsə məişətdə sudan son dərəcə qənaətlə istifadə edilməli, israfçılığa yol verilməməlidir. Hər çağ doğanı, ekoloji çevrəni düşünən Azərbaycanın ilk turizm və biznes kanalı olan Qafqaz TV-nin yaradıcı birliyi su sərfiyyatının azaldılması və suya qənaət edilməsinin gərəkli olduğuna səsləyən bir videoçarx hazırlayıb. Videoçarxda gələcək üçün, doğamız üçün suyun qorunmasının önəmi vurğulanır.