Soçidə Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclası başlayıb. Tədbirin açılışında çıxış edən Rusiyanın Baş naziri Mixail Mişustin ölkəsinin MDB-
də əməkdaşlığın daha da inkişafında maraqlı olduğunu vurğulayıb. “Xalqlarımızı çoxəsrlik tariximiz, ümumi mədəni və sivilizasiya kodumuz birləşdirir. Biz ən çətin vəziyyətlərdə birlikdə işləməyə, qarşılıqlı faydalı həll yollarını tapmağa qadirik”, - deyə Mişustin əlavə edib. O, Qırğızıstan Respublikasının sədrliyi ilə bugünkü görüşün belə tərəfdaşlıq şəraitində keçiriləcəyinə əminliyini də bildirib. Xatırladaq ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya hökumət başçısının dəvəti ilə MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edir. Baş nazir, həmçinin Avrasiya Hökumətlərarası Şurasının iclasında və III Avrasiya Konqresində qonaq qismində iştirak edəcək. Bundan əlavə, səfər çərçivəsində Əli Əsədovun xarici həmkarları ilə bir sıra ikitərəfli görüşləri də planlaşdırılır.