SOSİAL TƏDQİQATLAR MƏRKƏZİ- 6 İL

Sosial Tədqiqatlar Mərkəzi (STM) “Rəyiniz işimizdir!” devizi altında altı illik (2019-2024) fəaliyyəti dövründə Azərbaycanda sosial tədqiqat, təhlil və proqnozlaşdırma işi, habelə ictimai rəyin öyrənilməsi ilə bağlı siyasətin formalaşdırılmasında və həyata keçirilməsində yaxından iştirak edib. Ölkə maraqlarını özündə əks etdirən müxtəlif xarakterli münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edib, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirib, dəyişiklikləri proqnozlaşdırıb, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdırıb, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikri öyrənərək və sosial tədqiqatların aparılmasını təmin edərək, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edib. Bundan başqa, ictimai əhəmiyyət kəsb edən müxtəlif mövzularda ictimai dinləmələr, debatlar keçirmək, bu sahədə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq etmək, geniş müzakirə platformaları qurmaq və onları idarə etmək vəzifələrini də həyata keçirib. Mərkəzin faktiki fəaliyyətə başladığı 2019-cu ilin aprel ayının ikinci yarısından etibarən təsdiq olunmuş fəaliyyət planına uyğun olaraq ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatını əhatə edən, ölkə Prezidentinin həyata keçirdiyi islahatların gedişini təhlil edən müxtəlif sosioloji sorğu, analitik təhlil, siyasət, mövqe və arayış sənədləri hazırlayaraq ölkə rəhbərliyinə, aidiyyəti qurumlara və ictimaiyyətə təqdim edib.STM yarandığı vaxtdan etibarən Prezidentin daxili və xarici siyasət sahəsindəki fəaliyyəti ilə bağlı ictimai rəy sorğuları keçirib və bunun əsasında təhlil xarakterli analitik hesabatlar, icmal sənədləri təqdim edib. Mərkəzin rəhbərliyi tərəfindən sosial tədqiqatlar sahəsində peşəkar mütəxəssislərin hazırlanması, əməkdaşların bilik və bacarıqlarının artırılması, ümumilikdə kadr potensialının inkişaf etdirilməsi məqsədilə vaxtaşırı təlimlər, seminarlar və görüşlər təşkil edilir. Həmçinin Mərkəzin əməkdaşları öz bilik və bacarıqlarını, tədqiqat potensiallarını inkişaf etdirmək üçün bir sıra ali məktəblərin və Milli Elmlər Akademiyasının dissertanturasında, ali məktəblərin magistratura səviyyəsində təhsillərini davam etdirirlər. Bu gün dünya sürətlə dəyişir və düzgün qərarlar vermək üçün etibarlı informasiyaya ehtiyac var. STM informasiya cəmiyyətinin inkişafına töhfə vermək üçün hər zaman elmi tədqiqatların və obyektiv təhlillərin önəmini vurğulayıb. Elm, analitika və araşdırmalar cəmiyyətimizin güclənməsinə xidmət edir və STM bu missiyanı qürurla davam etdirir.