2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrlə bağlı Siyəzən rayon İcra hakimiyyəti başçısının hesabat yığıncağından öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzülüb, əziz xatirəsi ehtiramla yad olunub.
Hesabat məruzəsi ilə çıxış edən Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov bildirib ki, 2019-cu ildə rayonun ictimai-siyasi,sosial-iqtisadi və mədəni həyatında mühüm nailiyyətlər qazanılıb.Hesabat ilində rayon iqtisadiyyatının əsas sahələri üzrə ümumi məhsul buraxılışının həcmi 36,3 faiz artıb.Ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi 49,8 faiz təşkil edib.İcra başçısı onu da vurğulayıb ki, 2019-cu ildə bütün mülkiyyət növləri üzrə iqtisadiyyatın və sosial sahələrin inkişafına 180,9 milyon manat investisiya yönləndirilib ki, bu da əvvəlki il ilə müqayisədə 97,9 faiz çoxdur.Ötən il Siyəzəndə 706 daimi, 343 müvəqqəti iş yeri açılıb. O da qeyd olunub ki, sahibkarlığın inkişafına xüsusi önəm verilməsinin nəticəsidir ki, hazırda Siyəzəndə 158 hüquqi, 3415 fiziki şəxs olmaqla ümumilikdə 3573 sahibkarlıq subyekti fəaliyyət göstərir.Hesabat ilində rayonda abadlıq, tikinti-quruculuq,yolların və mənzil fondunun əsaslı təmiri istiqamətində də mühüm işlər görülüb. Əhalinin yaşam vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə kommunal xidmət sahələrinin fəaliyyəti daha da yaxşılaşdırılıb.Elektrik enerjisi, təbii qaz ,içməli və suvarma suyu təminatı yüksəldilib.Təhsil, mədəniyyət və idman sahələrində də 2019-cu il nailiyyətlər ili kimi başa vurulub.Yığıncaqda hesabat məruzəsi ətrafında çıxışlar da dinlənib. Çıxış edənlər hesabat ilində Siyəzənin ictimai-siyasi, sosial-iqtisadi və humanitar həyatında əldə olunan nailiyyətləri yüksək qiymətləndiriblər və əldə olunan uğurları dövlət başçımızın siyəzənlilərə diqqət və qayğısının təzahürü kimi xarakterizə ediblər. Tədbirdə Azərbaycan Respublikasının Ərazi-təşkilat məsələləri şöbəsinin 4-cü ərazi sektorunun müdiri Habil Əzənmədov çıxış edərək ölkəmizdə, o cümlədən də Siyəzən rayonunda həyata keçirilən sosial layıhələrin əhəmiyyətini vurğulayıb.Onu da qeyd edək ki, tədbir çərçivəsində rayon həyatının müxtəlif sahələrində fərqlənənlərə Siyəzən rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları və hədiyyələr təqdim olunub.Sonda Siyəzən rayon ictimaiyyətinin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə müraciəti qəbul olunub.