SİRLİ ƏLİNCƏ QALASI

Yazılı qaynaqlarda adı X yüzildən başlayaraq "Alın­caq", "Alancıq", "Əlincək" və "Əlincə" şəklində çəkilən qala Naxçıvan-Culfa yolunun kənarında, Əlincəçayın sağ sahilində dağ üstündə yerləşir.

Bu adın qədim türk dilindəki "alan" yəni yastı, düzənlik sözündən yarandığı ehtimal edilir. Qədim türk dilində dağın təpəsi anlamını verən "alın" və qənimət anlamı daşıyan "alınc" mənaları da olub. Əlincəqalanın adı və salınma tarixi dəqiq məlum deyil. Xalq etimologiyasına görə, dağın adı "əlini çək" kimi də işlənib. Elmi mülahizələrə görə isə dağın (həm də qalanın) adı Alançıq ("meydança", "kiçik meydan"; alan - qədim türk dilində "düzənlik", "meydan") sözündəndir. Naxçıvan folkloruna görə Əlincəqalanın adı Nuh peyğəmbərin nəticəsi Alınca xanın adı ilə bağlı yaranmışdır. Zaman keçdikcə həmin qala adı canlı danışıq dilində tədricən Əlincə şəklinə düşmüşdür.

Ən qədim ulu dastanımız "Kitabi Dədə Qorqud" da Əlincə qalası möhkəm istеhkam qala kimi təsvir оlunur və 3 dəfə adı çəkilir: X boyda deyilir, "...yolu Əlincə qalasına uğramışdı..."; "...Əgrəgi tutdular, Əlincə qalasına zindana bıraqdılar"; "Hünərin var isə qartaşın Əlincə qələsində əsirdir, var onu qurtar".

Bu qalanın hündürlüyü 2000 m-dir. Çıxılması çətin olan sıldırım qayalıqlarla əhatə olunmuşdur. "Əlincəqala" tarixdə Azərbaycan xalqının əyilməzlik və mübarizlik rəmzi kimi böyük şöhrət qazanmış, 1387-1401-ci illərdə, 14 il ərzində 4 dəfə Əmir Teymurun qoşunlarının hücumlarına müqavimət göstərib.

Şəmsəddin Eldənizin hakimiyyəti dövründə Atabəylər dövlətinin baş xəzinəsi Əlincə qalasında saxlanmış, Əlincədəki saraylar və yardımçı binaların bir çoxu Azərbaycan Atabəylərinin sifarişi ilə ucaldılmışdır. İndiyə qədər uçuqları qalan Əlincə qalasında uzun müddətli hücumlara dözüm üçün hərbi-strateji və maddi-iqtisadi imkanların olduğu aydın görünür. Geniş düzənliyin ortasında yüksələn çılpaq, sıldırım dağa üç yandan dar "keçi cığırı" ilə qalxmaq olur. Bu cığırların zəif yerlərində divar və bürclərdən istehkamlar, səngərlər, hücum mövqeləri quraşdırılmışdır.

Qalanın möhkəm divarları və qayanın sıldırım olması onu sarsılmaz müdafiə istehkamına çevirmişdir. Qalanın kiçik şəhərciyi xatırladan yuxarı hissəsində bişmiş kərpicdən tikilmiş çoxlu yaşayış və ictimai binaların xarabalıqları və bünövrə daşları nəzərə çarpır. Burada bulaqlar, üzümlüklər, əkin yerləri, otlaqlar, bağlar, zəmilər, hovuzlar olmuşdur. Qazıntılar zamanı yaşayış və ictimai məkanlar, tövlə, anbar, təndir, ovdan, yeraltı su xətləri - "kəhriz"lər aşkar olunmuşdur. Burada əl dəyirmanı, saxsı qablar, balta və pullara da rast gəlinmişdir. Tarixçilərin verdiyi məlumata görə Azərbaycan  Atabəyləri - Eldənizlərin hakimiyyəti dövründə Əlincənin əhəmiyyəti xüsusilə artmış, hökmdar ailəsinin təhlükəsizliyini təmin etmək üçün sığınacaq yerinə çevrilmişdir. Naxçıvan hakimi Zahidə xatunun iqamətgahı və Eldənizlərin xəzinəsi Əlincədə yerləşirdi.

Yüksəklikdə yerləşən Əlincəqalanın çevrəsindəki qəbirstanlıq və  türbələr, xanəgahlar bu yerlərin uzun illər abad yaşayış məskəni olduğundan xəbər verir.

Əlincə qalası həm də hürufilərin yaşayış məskəni, qiyam və mübarizə məkanı olmuşdur. Hürufiliyin banisi Fəzlullah Nəimi 1394-cü ildə Miranşahın əmri ilə Əlincə qalasında öldürülmüş və Əlincə- Xanegahı deyilən yerdə də dəfn edilmişdir. Bu yer bu gün Culfa rayonundakı Xanağa kəndidir.

Əlincə qalası ilə bağlı Naxçıvan fоlklоr mühitindən rəvayət və əfsanələr bayatılar mövcuddur.

Naxçıvanın abidələri, xüsusilə Əlincə qala bu qədim yurdun tarixi keçmişini özündə yaşatmaqla bərabər, həm də müasir dövrdə turizm potensialının artmasına xidmət edir. Bu gün Naxçıvan tarixi abidələr və görməli yerlər üzrə səyahət turizminin ən ideal məkanlarındandır. Muxtar respublikada tarixi abidələrin bərpası, geniş tədqiqi və təbliği turistlər tərəfindən də rəğbətlə qarşılanır.