SENTYABRDA YERƏ ASTEROİD YAXINLAŞACAQ

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi bildirib ki, sentyabrın 14-də iki asteroid Yer kürəsinə yaxınlaşacaq. Agentlikdən qeyd ediblər ki,

onların yaxınlaşması planetimiz üçün heç bir təhlükə törətməyəcək. “2000 QW7” adlandırılan asteroidlərdən birinin diametri 290 metrdən 650 metrə qədər ola bilər. O, saniyədə 6,4 kilometr sürətlə Yer kürəsindən 5,3 milyon kilometr aralıdan keçəcək. Təxminən bu məsafədən də digər göy cismi - 120 metrdən 260 metrədək diametri olan “2010 CO1” asteroidi saniyədə 14,4 kilometr sürətlə planetimizin ətrafından ötəcək. Əvvəllər NASA xəbərdarlıq etmişdi ki, avqustun 28-də “2019 OU1” asteroidi Yerə yaxınlaşacaq və planetimizdən 1 milyon kilometr məsafədən keçəcək. Qeyd olunur ki, asteroidlər hər həftə Yer kürəsinə bu məsafədə yaxınlaşır. Astronomlar bildirirlər ki, onların Yerə yaxınlaşdığı təhlükəli məsafə Ayın orbitinin radiusundan az olan 384 min kilometr hesab olunur.