Avqustun 22-də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla ermənilərin təbirincə desək “Laçın dəhlizinin
blokadasını” müzakirə etdikdən sonra, ürəyimi soyumayıb və 3 gün sonra Laçın dəhlizinə yollanıb. Kaspşik Gorunzurda (Kornidzor) sərhəd ərazisinə baş çəkib. Hələ utanmaz-utanmaz orda erməni jurnalistlərə müsahibə verib və deyib ki, məni bura şef göndərib ki, gəlim burda olan vəziyyətin nə yerdə olduğunu araşdırım. Bununla bağlı Ermənistan mətbuatı bilgi yayıb. O, durbinlə Azərbaycanın Laçın yolunda qurduğu sərhəd-buraxılış məntəqəsini və qarşısında gözləyən “humanitar yardım” TIR-larının olduğu ərazini müşahidə edib. Erməni mətbuatı yazır : “Qarabağda çəkiliş aparan “Lurer” qrupu bildirir ki, Kaspşik ayın 25-də sərhəd bölgəsinə baş çəkib, orada bir aydan artıqdır ki, Qarabağdakı “humanitar böhranın” aradan qaldırılması üçün Ermənistandan göndərilmiş “humanitar yardım” maşınları Dağlıq Qarabağa daxil olmaq üçün gözləyir”. Hamımız yaxşı xatırlıyırıq ki, işğal dövründə ATƏT-in Qarabağdakı nümayəndəsi “həftə səkkiz, mən doqquz” Qarabağdakı separatçıların başçıları ilə görüşür, onların əski parçasının altında söhbətlər aparır, əylənir, donuz kababından yeyir, erməni çaxırından içirdi. Bir söznən keyf çəkirdi. Hərdən bir hesabat yazıb “yuxarılar”a da yollayırdı ki, “mən də işləyirəm” görüntüsü yaratsın. Ancaq bircə dəfədə olsun beynəlxalq tədbirlərdə Qarabağın erməni işğalı altında olmasından, Ağdamın Şahbulağında Ermənistan tanklarının təlim keçməsindən, məzarlarımızın yer üzündən silinməsindən kəlmə belə, kəsmirdi. Əksinə, hazırladığı sənədlərdə “dağlıq qarabağ respublikası” adlı idbar qurumun adını çəkirdi. Yəni bu qədər erməniləşmişdi... İndi Kaspşik görəsən yenidən bizim dədə baba torpaqlarımıza hansı üzlə gəlib? Atalar yaxşı deyib : “Utanmasan oynamağa nə var ki?”
Onu da qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsi Anjey Kaspşik Azərbaycan tərəfinə də müraciət edib. Lakin rəsmi Bakı Kaspşiki qəbul etməkdən imtina edib.