Rusiya sülhməramlıları Qarabağın Əsgəran, Ağdərə və Şuşa rayonlarında keçmiş qoşunların təmas xətti boyunca yerləşən müvəqqəti müşahidə məntəqələrini bağlayıblar. Bu
barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı bilgidə deyilir. Habelə Rusiya Müdafiə Nazirliyi “Əsgəran, Ağdərə və Şuşa rayonlarında tərəflərin keçmiş təmas xətti boyunca müvəqqəti müşahidə məntəqələrinin sökülməsi başa çatıb”, - deyə bilgidə vurğulanır. Qarabağda çox az sayda erməni əhalisinin qaldığı bəllidir və onlar yalnız Azərbaycan vətəndaşlığını qəbul edərək, ərazimizdə yaşaya biləcəklər. Rəsmi Bakı Ermənistana getmiş ermənilərin – məhz Qarabağ sakini olmuş şəxslərin geri qayıdışına şərait yaradacağını açıqlayıb. Qayıdanlar “Laçın” postundan keçdikdən sonra Azərbaycan vətəndaşlığını qəbul etməlidir və bu, onların birbaşa reinteqrasiyanı qəbul etməsi deməkdir. Bu amil Rusiya sülhməramlılarının bölgədə uzunmüddətli fəaliyyətinə ehtiyacın qalmadığını deməyə əsas verir.