REGİONAL MƏTBƏX  FESTİVALI  BAŞA ÇATIB

Mətbəx festivalında yerli və regional icma nümayəndələrinin, yerli istehsalçıların və turizm sahəsi peşəkarlarının təqdim etdiyi məhsullar, şimal regionu üzrə müxtəlif çeşidli milli mətbəx nümunələri

qubalıların və rayonun qonaqlarının böyük marağına səbəb olub. Quba, Qusar, Şabran və Xaçmaz rayonundan olan aşbaz və qənnadıçıların dadlı-təamlı bişirimləri ilə yanaşı milli folklor kollektivlərinin ifaları da festivala özəl ovqat bəxş edib. Çoxsaylı turistin, yerli və xarici media təmsilçilərinin də iştirak etdiyi bu möhtəşəm tədbir Qubanın milli-mənəvi dəyərlərinin, adət-ənələrinin təbliği ilə yanaşı turizm potensialının tanıtımı baxımından da təqdiredicidir. Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev festival çərçivəsində nümayış etdirilən yerli və regional icmaların milli folklor nümunələrinə xüsusi maraq göstəriblər. 2 günlük festivalın son günündə məşhur aşpazlar tərəfindən regional qida sənayesinin aşpaz və mütəxəssisləri üçün master-klaslar keçirilib.Həmçinin gün ərzində Respublikamızın tanınan müğənnilərinin, rəqs və ritm qruplarının ifasında konsert proqramı təqdim olunub. Vətənə sevgi, dövlətə sədaqət, xalqa məhəbbət mövzuları ilə yanaşı Quba füsunkarlığını da vəsf edən mahnılar, milli rəqs nümunələri qubalılarda və rayonun çoxsaylı qonaqlarında xoş duyğular yaradıb. Qeyd edək ki, isti yay günlərində Qubada qonaqlı-qaralı bir həyat yaşanır. Ötən illərlə müqayisədə asudə vaxtlarını səmərəli, istirahətlərini mənalı keçirmək üçün bu rayona üz tutan turistlərin sayında xeyli artım müşahidə olunur. Mütəxəssislər bu inkişafa son dövrlər Qubada həyata keçirilən social-iqtisadi, yol-infrastruktur  layihələrilə yanaşı mədəni- kütləvi tədbirlərin keçirilməsinə xüsusi önəm verilməsinin də müsbət töhfələr verdiyini qeyd edir.