Vətən müharibəsində qəhrəmancasına şəhid olan igid oğullarımızdan biri də,Azərbaycan Ordusunun əsgəri, Vətən müharibəsi şəhidi, Batdal Bayraxdarovdur.
Batdalın şəhid olmasından 2 ildən artıq vaxt ötür. Əgər sağ olsaydı yaxınları ilə birlikdə 21 yaşını qeyd edəcəkdi. Ancaq Batdal cismən aramızda olmasa da, ancaq qubalılar qəhraman oğullarını unutmur, onun doğum gününə yığışmışdılar. Mərasimdə rayon icra hakimiyyətinin əməkdaşları, Şəhid Ailələrinə dəstək İctimai Birliyinin Quba rayonu üzrə sədri , şəhid ailələri, qazilər, kənd sakinləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə şəhid Batdal Bayraxdarovun xatirəsini əbədiləşdirmək məqsədilə inşa olunan “Şəhid bulağı” , sonra isə kənd qəbiristanlığındakı məzarı ziyarət olunub, üzərinə əklil və tər qərənfillər düzülüb, ruhuna dualar oxunub. Anım tədbirinə qatılanlar Vətən müharibəsinin ilk günlərindən ön cəbhəyə yollanan Batdal Bayraxdarovun Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərdiyi, Füzuli şəhərinin azad olunması uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olduğu qeyd edilib. Batdal Bayraxdarovun döyüş şücaəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə o ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. Tədbirdə iştirak edən şəhidlərin ailə üzvləri dövlətimiz tərəfindən Vətən uğrunda canından keçmiş qəhrəmanların xatirələrinin əbədiləşdirilməsi, ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər. Batdal ölümsüzlüyü ilə tarix yazan Azərbaycanın igid oğullarındandır. Nə qədər ki, Azərbaycan dövləti və onun müdrik xalqı var, Batddal Bayraxdarov kimi şəhadəti ilə Vətəni yaşadanlar və düşmənə qan udduran oğullarımız da var olacaq.