QUSARDA ZİYANVERİCİLƏRƏ QARŞI FERMERLƏR MAARİFLƏNDİRİLİB
Baxış sayı: 27
Qusar rayonu Bitki Mühafizə və Fumiqaisya Mərkəzinin əməkdaşları tərəfindən mütəmadi olaraq rayonda fəaliyyət göstərən fermerlərlə görüşlər keçirilir, onlara ziyanvericilərə qarşı mübarizənin vaxtında aparılmasının əhəmiyyəti izah olunur. Növbəti belə maarifləndirici görüş rayonun Aşağı Ləgər kəndində keçirilib. Bu görüşlərin əsas məqsədi ərazilərdə xəstəlik və ziyanvericilərin aşkarlanması və optimal müddətdə onlara qarşı dərmanlama aparılaraq bol məhsul əldə etməkdir. Belə görüşlərdə əsasən Bitki Mühafizə və Fumiqaisya Mərkəzinin əməkdaşları ilə fermerlər arasında qarşılıqlı fikir mübadiləsi aparılır, bağlara birlikdə baxış keçirilir və əldə olunan nıticələr müzakirə edilir. Qeyd edilib ki, bu il şaftalı bağlarında aparılan monitorinqlər zamanı əsasən yarpaq qıvrılması, monilioz,unlu şeh xəstəliyi, tor gənəsi və şərq meyvəyeyəni ziyanvericiləri müşahidə olunub, dərhal həmin zərərvericilərə qarşı mübarizə tədbirləri görülüb. Eyni zamanda bağlarda alaq otlarına qarşı da mübarizə tədbirləri həyata keçirilir. Qusar rayonu Bitki Mühafizə və Fumiqaisya Mərkəzindən bildirilib ki, ümumiyyətlə kənd təsərrüfatı bitkiləri olan sahələrdə Aqrar Xidmətlər Agentliyinin tədbirlər planına uyğun olaraq xidməti mütəxəssislər tərəfindən, mütəmadi olaraq monitorinqlər aparılır. Rayonda meyvə bağlarından başqa taxıl, bostan-tərəvəz və yanca sahələrində də monitorinqlər aparılıb, fermerlər maarifləndirilib.