Azərbaycan milli mətbuatının 151 illiyinə həsr olunmuş "Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət" mövzusunda konfrans keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə dövlət qurumlarının nümayəndələri, media rəhbərləri, jurnalistlər, din xadimləri, ilahiyyatçılar və ekspertlər iştirak ediblər. Konfransı giriş sözü ilə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov açaraq qonaqları salamlayıb, milli-mənəvi dəyərlərin qorunması, dini tolerantlıq mühitinin möhkəmləndirilməsi və bu istiqamətdə medianın rolundan danışıb. Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ölkədə dini maarifləndirmə sahəsində həyata keçirilən layihələr barədə bilgi verib. O, "Hər məsciddə kitabxana" layihəsinin əhəmiyyətindən danışaraq bu təşəbbüsün dini icmalar arasında maarifçiliyin gücləndirilməsinə xidmət etdiyini bildirib. Ramin Məmmədov çıxışında Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrini əks etdirən "Azərbaycan – sülh və harmoniya məkanı" layihəsinin də ölkəmizin beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə töhfə verdiyini vurğulayıb.Sonra digər çıxış edənlər dini mövzuların mediada işıqlandırılmasının yüksək peşəkarlıq və məsuliyyət tələb etdiyini bildiriblər. Qeyd olunub ki, dini mövzuların obyektiv, savadlı və manipulyasiyalardan uzaq formada təqdim olunması medianın üzərinə düşən əsas vəzifələrdəndir.
