Türkiyə Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin rəhbəri Səfər Qaraqoyunlunun
başçılığı ilə dərnək üzvləri Quba şəhərində səfərdə olublar. Səfərin məqsədi Türkiyə və Azərbaycan arasında olan dostluq, qardaşlıq və həmrəylik bağlarını daha da genişləndirməkdir. Qonaqlar ilk olaraq Quba Soyqırımı Memorial Kompleksinə baş çəkdilər. Türkiyəli qonaqlar 1918-ci ildə Qubada cinayətkar erməni hərbi dəstələri tərəfindən törədilmiş soyqırımı qurbanlarının dəfn olunduğu yerdə ucaldılmış abidəni ziyarət edib, erməni-bolşevik birləşmələrinin törətdikləri soyqırımı haqqında ətraflı bilgiləndirildilər. Quba Soyqırımı Memorial Kompleksi ilə tanışlıqdan sonra, qonaqlar Quba şəhərinin Əliqulu Nərimanov küçəsində iki qardaş dövlətin şərəfinə yaradılmış Azərbaycan-Türkiyə Qardaşlıq Parkı ilə də tanış oldular. Qeyd edək ki, Azərbaycan-Türkiyə qardaşlıq parkı ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə 2021-ci il mayın 10-da istifadəyə verilib. Səfərin sonunda qonaqlar Qırmızı Qəsəbə və buradakı Ümumdünya Dağ Yəhudilərinin Tarix-Etnoqrafiya Muzeyi ilə tanış oldular. Qonaqlara Bildirildi ki, Qırmızı qəsəbə dünyada İsraildən sonra yəhudilərin ən yığcam yaşadıqları nadir məkandır. “Qafqazın Yerusəlimi” adlandırılan qəsəbədə məskunlaşan yəhudilər uzun illərdir öz adət-ənənələrini yaşadır, azərbaycanlılarla birlikdə sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Türkiyə Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin rəhbəri Səfər Qaraqoyunlu muzeyin xatirə kitabına ürək sözlərini yazdı.
{youtube}VJUre3T-Q3c{/youtube}