QUBANIN ALEKSEYEVKA KƏNDİNDƏ MƏKTƏB TİKİNTİSİ YEKUNLAŞIR

Dövlət başçımız İlham Əliyev 2018-ci ilin oktyabr ayında Quba rayonuna məlum səfərindən sonra Alekseyevka kənd tam orta məktəbi üçün yeni  tədris binasının tikintisi barədə sərəncam imzaladı.

Qubalı təhsil işçilərinin, şagird və valideynlərin  böyük sevincinə səbəb olan bu sərəncamın icrasına ötən ilin noyabrından başlanıb.Hazırda bu tədris ocağında işlər tamamlanmaq üzrədir. Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev xidmət təşkilatlarının rəhbərləri ilə birlikdə məktəbdə son tamamlama işlərinin gedişatı ilə tanış olub. Qeyd edək  ki, Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbi ötən əsrin 60-cı illərindən fəaliyyət göstərir. Bu məktəbdə 76 müəllim 840-a yaxın şagirdə Azərbaycan və Rus bölmələri üzrə təhsil verir. Ötən müddət ərzində məktəb binasında heç bir əsaslı təmir işlərinin aparılmaması təlim-tədris prosesinə mənfi təsir göstərib. Məktəbin hər 3 korpusu yararsız vəziyyətə düşüb. Lakin bu çətinliklər  yeni məktəb binası istifadəyə verildikdən sonra  yaşanmayacaq. 960 şagird yerlik tam orta məktəbdə 40 sinif, 2 kompyuter, 6 laborator otaq, 400 kvadratmetrlik idman, 540 yerlik akt zalları, 234 yerlik yeməkxana müəllim və şagirdlərin istifadəsinə veriləcək. 3 mərtəbəli məktəbin arxa tərəfində geniş futbol meydançası da inşa olunacaq. İcra başçısı Ziyəddin Əliyev tikinti işlərinin  yüksək keyfiyyətlə, kommunal sahələrin ən müasir tələblər səviyyəsində qurulması ilə bağlı xidmət sahələrinin rəhbərlərinə tapşırıqlar verib. Tikinti sahələri ilə tanışlıqdan sonra məktəb binasında müşavirə keçirilib. İşlərin nəzərdə tutulan vaxtda və keyfiyyətli icrasını təmin etmək məqsədilə xidmət sahələri üzrə mütəxəssislərin fikirləri dinlənib,aidiyyatı qurumların rəhbərlərinin əlaqəli fəaliyyətinin zəruriliyi qeyd olunub. Bildirilib ki,yeni inşa olunan Alekseyevka kənd tam orta məktəbin ərazisində 50 kubluq içməli su,80 kubluq çirkab su və yanğın əleyhinə su anbarları, qazanxana və nasosxana,subartezian quyu və  elektrik transformator yarımstansiyası da inşa olunaca, yol və səkilər asvaltlanacaq, yeni yaşıllıq zolaqları salınacaq.