QUBADAN 9-CU YARDIM MAŞINI YOLA DÜŞDÜ
Baxış sayı: 452
Bu gün Qubalıların Kahramanmaraşda zəlzələ nəticəsində zərər çəkmiş vətəndaşlar üçün topladıqları humanitar yardımı daşıyan yük maşını Qubadakı Türkiyə-Azərbaycan qardaşlıq parkının qarşısından yola salınıb. Qeyd edək ki, bu qubalıların Kahramanmaraşda zəlzələdə zərər çəkmiş insanlara göndərdikləri 9-cu yardım maşınıdır. Digər 8 maşında olduğu kimi, bu maşında da isti paltarlar, ədyal, quru qida və gigiyena materialları var.Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev də Türkiyə-Azərbaycan qardaşlıq parkında rayon sakinləri ilə görüşərək, onlara fevralın 6-da gecə saatlarında dost və qardaş Türkiyə Respublikasının 10 böyük vilayətində baş vermiş güclü zəlzələnin ağır və dəhşətli nəticələri barədə geniş danışmış, Azərbaycanın və Türkiyənin həm sevincli, həm də çətin günlərdə hər zaman bir-birinin yanında olduğunu qeyd etmiş, dəhşətli zəlzələdən dərhal sonra ilk olaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən məhz Azərbaycan Respublikasından xilasedicilərin qardaş ölkəyə göndərildiyini, eləcə də tələb olunan bütün zəruri vasitələrin zəlzələ zonasına yola salındığını bildirmişdir. Sonra rayon rəhbərinin də iştirakı ilə yardımları aparan nəqliyyat vasitəsi yola salınmışdır. Qeyd edək ki, tarixin müxtəlif dövrlərində, ən çətin zamanlarda belə bir yerdə olan Azərbaycan və Türkiyə xalqları bir-birinə hər zaman dəstək nümayiş etdiriblər. Bunun bariz nümunəsi kimi, Azərbaycanın hər yerindən zəlzələ baş verən andan Türkiyəyə qardaş əli uzandığını göstərmək olar.