Qubada “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib

Aksiya zamanı 500 ədəd küknar ağacı əkilib Qubada genişmiqyaslı ağacəkmə aksiyası təşkil olundu. Aksiya “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Soyqırımı memorial kompleksinin yaxınlığında həyata keçirildi. Aksiyada rayonun rəhbər şəxsləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etdilər. Tədbir iştirakçıları tərəfindən ərazidə yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə rayonun iqlim şəraitinə uyğun ağaclar əkilib. Bildirilib ki, aksiya çərçivəsində ümumilikdə 500 ədəd həmişəyaşıl küknar ağacları əkilərək ərazidə yeni yaşıllıq zolağı salınıb. Onu da xatırladaq ki, belə aksiyaların keçirilməsi ətraf mühitin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması və gələcək nəsillər üçün sağlam ekoloji tarazlığın qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilən bu kimi tədbirlər regionlarda abadlıq və yaşıllaşdırma işlərinin daha da genişləndirilməsinə xidmət edir.