Quba şəhərində Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi və Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Regional Mətbəx Festivalı təşkil olunub.
Festivalın rəsmi hissəsindən öncə Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri və qonaqlar yerli və regional icma nümayəndələrinin, yerli istehsalçıların və turizm sahəsinin peşəkarlarının məhsullarının nümayiş olunduğu sərgi və guşələrlə tanış olublar.Respublikamızın şimal region üzrə müxtəlif çeşidli milli mətbəx nümunələri iştirakçıların böyük marağına səbəb olub.Quba, Qusar, Şabran və Xaçmaz rayonundan olan aşbaz və qənnadıçıların dadlı-təamlı bişirimləri, milli folklor kollektivlərinin ifaları mətbəx festifalına özəl ovqat bəxş edib. Festivalın rəsmi hissəsində çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev son dövrlər bu cür tədbirlərin Qubada ənənə halını aldığını və bunun dövlət başçımızın regionların inkişafına diqqət və qayğısının nəticəsi olduğunu bildirib. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev isə mətbəx festivalının şimal bölgəsi rayonlarında, xüsusən Qubada turizm sahəsinin inkişafına müsbət töhfələr verəcəyinə əminliyini ifadə edib. Xaçmaz Regional Mədəniyyət idarəsinin müdiri Nazim Ağayev Qubanın bu cür önəmli tədbirə ev sahibliyi etdiyi üçün razılığını bildirib.Rəsmi hissədən sonra Respublikamızın tanınan müğənnilərinin, folklor və rəqs qruplarının ifasında konsert proqramı nümayiş etdirilib.Onu da qeyd edək ki,iki gün davam edəcək Quba Rregional Mətbəx Festivalının son günündə məşhur aşpazlar tərəfindən regional qida sənayesinin aşpaz və mütəxəssisləri üçün master-klaslar keçiriləcək.