“Çölçü” Milli Mədəni İrsin İnkişafı İctimai Birliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə Qərbi Azərbaycanlıların doğma torpaqlarına qayıdışına həsr olunmuş
“Qərbi Azərbaycan tarixin gözü ilə: fotolorda, sənədli filmlərdə, arxivlərdə” adlı sənədli filminin Quba şəhərində yerləşən “ASAN xidmət” regional mərkəzinin nəznində fəaliyyət göstərən kinoklubda təqdimatı keçirilib. Filmin təqdimatında çıxış edən İctimai Birliyin rəhbəri Eltən Törəçi bildirdi ki, layihənin məqsədi “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasının” icrasına ictimai dəstəyin verilməsi üçün bu mövzuya aid yüksək keyfiyyətli sənədli film hazırlamaq olub. Eyni zamanda, sənədli film vasitəsilə bu sahədə maarifləndirmə işini daha da irəliyə aparmaq, beynəlxalq ictimaiyyətin bu sahədə bilgi səviyyəsini artırmaqdır. “Qərbi Azərbaycan tarixin gözü ilə: fotolorda, sənədli filmlərdə, arxivlərdə” adlı sənədli filmdə peşəkar mütəxəssislər, sahəvi ekspertlərin rəyləri və həmin ərazilərdə yaşayan qərbi azərbaycanlıların xatirələri geniş izləyici kütləsi üçün vizual formada təqdim olunub. Filmdə müsahibələrlə yanaşı, tarixi və unikal sayıla biləcək arxiv fotoşəkilləri, videokadrları da geniş yer verilib. Qeyd edək ki, filmin çəkilişi Bakıda, Ermənistandan vaxtilə didərgin düşmüş insanların kompakt məskunlaşdığı Göygöl, Gəncə, Yevlax, Bərdə,Xaçmaz, Qusar və Mingəçevir şəhərlərində aparılıb. Filmdə əsasən Qərbi Azərbaycandan olan elm adamlarının, şair və yazıçıların, ziyalıların fikirləri yer alıb. Filmin əsas məqsədi, Qərbi Azərbaycanla bağlı beynəlxalq ictimaiyyətdə obyektiv təsəvvür formalaşdırmaq, əslən Qərbi Azərbaycandan olan soydaşlarımızı böyük qayıdışa hazırlamaqdan ibarətdir.