Avqustun 26-da Quba rayonunun Mərkəzi kitabxanasında "Mütaliə həftəsi" adlı oxu günü keçirildi. Tədbirdə yerli yazarlar, kitabxana əməkdaşları, rayonun qonaqları və kitabxana oxucuları iştirak ediblər.
Tədbir Prezidentin sərəncamı ilə 2019-cu ilin Nəsimi ili elan olunması ilə əlaqədar Nəsimi ilinə həsr olunub. Mütaliə həftəsini ilk olaraq giriş sözü ilə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Saməddin Nəsirov açaraq tədbir iştirakçılarını uğurladı. Bildirdi ki, oxu həftəsində Mərkəzi Kitabxananın fondundan müxtəlif dillərdə olan bir-birindən maraqlı nəşrlər nümayiş olunur. Kitabxana rəhbərliyi Quba rayonunun sakinlərini, eyni zamanda rayonda istirahətdə olan insanları bir həftə boyunca mütaliə etməyə dəvət etdi. Həmçinin oxucuların oxu bayramını təbrik edərək onları kitaba və kitabxanalara yaxın olmağa dəvət etdiyini vurğuladı.
Daha sonra rayon İcra Hakimiyyəti aparatının nümayəndəsi Anar Məmmədov, tanınan şair və publisist Ramiz Qusarçaylı çıxış edərək bu tədbirin baş tutmasında əməyi keçən hərkəsə öz təşəkkürlərini bidlirərək kitabın cəmiyyətin inkişafında, gənc nəslin yetişməsindəki rolundan danışdılar
Tədbir iştirakçılarının çıxışlarından sonra tədbir musiqili qonaqların çıxışı ilə davam etdi. Müxtəlif musiqilər, şeirlər dinlənildi, rəqslər ifa olundu.
Artıq 9 ildir ki, mütamadi olaraq keçirilən “Mütaliə həftəsi” avqustun sonuna qədər davam edəcək. Belə “Mütaliə həftəsi” rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kənd, şəhər və qəsəbə kitabxana fliallarında davam etdiriləcək. Mütaliə həftələrinin keçirilməsində məqsəd oxucuları kitabxanaya cəlb etmək və oxucularda kitaba olan marağı artırmaqdır. Onu da qeyd edək ki, Azərbycanda kitabxanalar arasında ilk dəfə Quba Mərkəzləşdirilmiş Kitabxana Sistemi oxu həftəsinin keçirilməsi ideyasını həyata keçirib.