QUBADA ŞƏHİD SƏTTƏR PİRİYEVİN XATİRƏSİNƏ TƏDBİR KEÇİRİLİB
Baxış sayı: 18
Quba Tarix-Diyarşünaslıq Muzeyində 44 günlük Vətən Müharibəsi şəhidi Piriyev Səttər Fuad oğluna həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib. Ardınca Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər bildiriblər ki, şəhidimizin qəhrəmanlığı, Vətənə sədaqəti və fədakarlığı hər birimiz üçün örnəkdir. Şəhidlərimizin xatirəsinin yaşadılması, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması hər birimizin borcudur. Tədbirdə şəhidin həyat və döyüş yoluna həsr olunmuş video çarxlar nümayiş etdirilib, məktəblilər tərəfindən şeir və musiqi nömrələri təqdim olunub. Şəhidimizin xatirəsinə həsr edilmiş sərgi iştirakçılara təqdim edilib, sonda xatirə şəkilləri çəkilib. Qeyd edək ki, Səttər Piriyev Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə bölmələrin mühasirədən çıxarılmasında, həmçinin yaralı hərbçilərin döyüş meydanından təxliyəsində fərqlənib. O, noyabrın 7-də Xocavənd döyüşləri zamanı "Qızılqaya" və "Üçtəpə" adlandırılan ərazilər istiqamətində şəhid olub. Prezident İlham Əliyevin Sərəncamlarına əsasən Səttər Piriyev ölümündən sonra "Vətən uğrunda" medalı, "İgidliyə görə" medalı, "Xocavəndin azad olunmasına görə" medalı və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.
