QUBADA ÖLÜMLƏ NƏTİCƏLƏNƏN YOL QƏZASI

Qubada piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Quba-Xaçmaz avtomobil yolunun Barlı kəndi ərazisindən keçən hissəsində avtomobilin vurduğu 60 yaşlı qadın həyatını itirib. Hadisədən sonra ərazidən uzaqlaşan sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisə noyabrın 24-də, axşam saat 18 radələrində qeydə alınıb. Məlumata görə, V. Mirzəyevin idarə etdiyi “Mercedes” markalı avtomobil yolu keçmək istəyən, 1966-cı il təvəllüdlü Rəna Eynulla qızı Orucovanı vurub. Zərbənin təsirindən ağır bədən xəsarətləri alan qadının həyatını xilas etmək mümkün olmayıb. Hadisədən sonra sürücünün ərazidən uzaqlaşdığı bildirilir. Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində V. Mirzəyev müəyyən edilərək saxlanılıb və istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Hadisənin başvermə səbəbləri, sürücünün hərəkətləri və qəzanın digər təfərrüatları müvafiq araşdırmalardan sonra dəqiqləşdiriləcək.