Aprelin 5-dən başlayaraq Quba rayonunda yaşayan dağ yəhudiləri
Pesax bayramını qeyd edirlər. Azadlıq və bahar mənasını verən Pesax bayramı dağ yəhudilərinin yığcam yaşadığı Qırmızı qəsəbədə 8 gün davam edir.Təntənəli şəkildə keçirilən bayram günlərində müxtəlif dini ayinlər icra olunur. Həmçinin dağ yəhudiləri səhər və axşam saatlarında sinaqoqa gedib ibadət edirlər. Aprelin 11- də Qubanın Qırmızı Qəsəbəsindəki Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında yerləşən “Ağsaqqallar klubu”nda Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyevin iştirakı ilə Yəhudi xalqının Pesax bayramı münasibəti ilə tədbir keçirilib.Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, din xadimləri, rayon ictimaiyyətinin nümayəndələri və Qırmızı Qəsəbə sakinləri iştirak ediblər. Pesax yəhudilərin ən mühüm bayramlarından biridir. Tarixi mənbələrə görə, hələ 3 min 500 il əvvəl Misir fironunun zülmündən xilas olan yəhudilər 8 gün tanrıya dua ediblər. Sonralar yəhudilər baharın gəlişi ilə eyni vaxtda azadlığın əldə olunmasını milli bayram kimi qeyd etməyə başlayıblar. Pesax bayramının simvolu duzsuz, qurudulmuş çörəkdir. Ənənəyə görə, yəhudilər bayram günlərində yeganə un məmulatı kimi məhz duzsuz quru çörəkdən – “Matsa”dan istifadə edirlər. Bununla yanaşı, dağ yəhudilərinin bayram süfrəsini qoz, şabalıd və almadan hazırlanan həsürüt yeməyi də bəzəyir. Bayram günlərində hamı bir-birini qonaq çağırır. Pesaxın zəruri şərtlərindən biri də budur ki, bütün imkansızlar, habelə bayramı öz ailəsi ilə birgə qeyd edə bilməyənlər yemək süfrəsinə dəvət olunmalıdır. Bayrama qədər bütün evlərdə, küçələrdə təmizlik işləri görülür. Qubadakı Qırmızı qəsəbədə 3 mindən çox dağ yəhudisi yaşayır. Burada doğulan, hazırda isə xarici ölkələrdə yaşayan dağ yəhudilərinin də müqəddəs Pesax bayramını Vətəndə qeyd etmələri ənənəyə çevrilib. Pesax bayramı aprelin 13-dək davam edəcək.
{youtube}fSoEIgBjmIo{/youtube}