QUBADA YAP-IN YARANMASININ İLDÖNÜMÜ QEYD EDİLDİ
Baxış sayı: 527
Oktyabrın 25-də Qubada Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30-cu ildönümü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra Quba rayonundakı Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərimizin məzarı önünə gül dəstələri düzülüb.
Tədbir Heydər Əliyev Mərkəzində davam edib.
Öncə Azərbaycanın Dövlət Himni səsləndirilib, müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin və müstəqilliyimizin, ərazi bütövlüyümüzün təmin olunması yolunda canlarından keçən Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətini özündə əks etdirən filmin göstərisi ilə başlayıb.
Tədbirdə geniş məruzə ilə çıxış edən YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova bildirib ki, xalqın partiyası kimi tanınan Yeni Azərbaycan Partiyası bütün istəkləri, arzuları birləşdirir. Yeni Azərbaycan Partiyası artıq 30 ildir ki, respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edir, xalqın sevgisini və dəstəyini qazanır, ölkədə sabitliyin təminatında avanqard rolunu davam etdirir.
Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev çıxışında Yeni Azərbaycan Partiyasının yarandığı dövrdə baş verən hadisələrdən, partiyanın yaranmasından və hazırda xalqın öz liderinə olan inamından bəhs edib. O, partiyamızın Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf və qələbə yolunda əmin addımlarla irəlilədiyini söyləyib.
Milli Məclisin deputatı, YAP-nın idarə heyətinin üzvü Azər Badamov vurğulayıb ki, YAP-ın yaranması Azərbaycanın tarixində çox böyük bir hadisədir. Yeni Azərbaycan Partiyası partiya quruculuğunun mütərəqqi prinsiplərini hər zaman əsas tutub. Partiyanın idealı yeni, müstəqil Azərbaycan yaratmaq olub.
YAP İdarə Heyətinin üzvü Elnarə Akimova da öz çıxışında 44 günlük Vətən müharibəsindən bəhs edib. Şəhid ailələrinə göstərilən diqqət və qayğını xüsusilə vurğulayıb. O, Yeni Azərbaycan Partiyasının ən böyük amalının xalqa xidmət etmək olduğunu söyləyib.
Daha sonra çıxış edən Vətən müharibəsi qəhrəmanı şəhid Mehrab Niftəliyevin anası Xalidə Niftəliyeva bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşməni Qarabağda ağır məğlubiyyətə uğratdı. İndi artıq Qarabağda geniş quruculuq işləri görülür.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına Fəxri fərmanlar, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.