QUBADA VƏTƏN MÜHARİBƏSİNİN KƏŞFİYYATÇI ŞƏHİDİ ANILDI

Düşmənin 100-ə yaxın canlı qüvvəsini təkbaşına məhv edən, 63 texnikasının isə sıradan çıxarılmasında xüsusi xidməti olan Quba rayonunun Əlibəyqışlaq kənd sakini şəhid baş leytinant

Ruslan Bayramovun şəhadətə yüksəlməsindən 3 il ötür. Ruslan Azər oğlu Bayramov 5 oktyabr 1995-ci ildə Quba rayonunun Əlibəyqışlaq kəndində anadan olub. Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil aldıqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olaraq oranı bitirib. Azərbaycan Ordusunda kəşfiyyatçı olan Ruslan 27 sentyabrda başlayan İkinci Qarabağ müharibəsində könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşlərə qatılıb. Hadrutun və Xocavənd ətrafındakı yüksəkliklərin alınmasında iştirak edib. Bir çox hərbçilərimiz kimi onun da arzusu vətən torpaqlarını düşmən tapdağından azad etmək, ən əsası isə Şuşaya bayrağımızı sancmaq idi. Kəşviyyatçı olan Ruslan müharibənin ilk günlərindən ən ağır döyüşlər gedən bölgələrdə ön sıralarda olub. Hadrud və Xocavənd ətrafındakı yüksəkliklərin ələ keçirilməsində qəhraman şəhidimiz böyük şücaət göstərib. Ən son isə o, Şuşanın alınması uğrunda gedən ağır döyüşlərdə iştirak edib. Elə bu döyüşlərdən birində snayper gülləsinə tuş gələrək şəhadətə yüksəlib. O, ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.Şəhidin il dönümü ilə əlaqədar olaraq İcra Hakimiyyətinin məsul şəxsləri, kənd sakinləri, məktəblilər, qazi və şəhid ailələri,  şəhidin ailə üzvləri ilə birlikdə qəhramanımızın məzarını ziyarət etdilər. Anım mərasimində çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.