QUBADA V BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLİB
Baxış sayı: 19
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Pedaqoji Universitetin (ADPU) Quba filialında təşkil olunan “Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” mövzusunda V Beynəlxalq Elmi Konfrans öz işinə başlayıb. İki gün davam edəcək Beynəlxalq Elmi Konfransda respublikamızın müxtəlif ali təhsil və elmi müəssisələri ilə yanaşı, Türkiyə, Almaniya, Qazaxıstan, Pakistan və Özbəkistanı təmsil edən nümayəndələr də iştirak edirlər. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Quba şəhərinin mərkəzində yerləşən əzəmətli abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri düzüblər. Konfransın açılışında əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Konfransın rəsmi hissəsini giriş sözü ilə açan professor Yusif Alıyev iştirakçıları səmimiyyətlə salamlayaraq artıq 5-ci ildir ki, təşkil olunan belə bir beynəlxalq tədbirin əhəmiyyətini, ölkələr arasında elmi əməkdaşlığın daha da möhkəmləndiriliməsində rolunu xüsusi vurğulayıb. Çıxış edənlər çıxışlarında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında ənənəvi olaraq keçirilən beynəlxalq elmi konfransların təkcə elmi deyil, eyni zamanda, xalqlar arasında qardaşlıq və dostluq əlaqələrinin möhkəmləndirilməsində rolunu yüksək dəyərləndiriblər.Çıxışlarda xüsusi olaraq qeyd olunub ki, təhsil sahəsində beynəlxalq əməkdaşlıq ölkələr, xalqlar və dövlətlər arasında münasibətlərin inkişafında və möhkəmlənməsində əsaslı baza yaradır. Rəsmi hissədən sonra maraqlı bədii proqramla tədbir davam edib. Sonra Beynəlxalq Elmi Konfrans iki bölmədə öz işini davam etdirib. Rəsmi hissə və bölmə iclasları xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.
