QUBADA TRAKTOR SATIŞ VƏ SERVİS MƏRKƏZİ İSTİFADƏYƏ VERİLDİ
Baxış sayı: 7
Azərbaycan kənd təsərrüfatında yeni inkişaf mərhələsi başlayır. Bu inkişafın önündə isə yerli və beynəlxalq təcrübəni uğurla birləşdirən Dongfeng-Improtex dayanır. Ölkəmizin işğaldan azad edilmiş Cəbrayıl rayonunda inşa edilən müasir zavod yaxın zamanda fəaliyyətə başlayacaq. Bu müəssisə yalnız istehsal mərkəzi deyil, həm də iqtisadi inkişafın, innovasiyanın və yeni imkanların simvoludur. Zavodda 50 at gücündən 240 at gücünə qədər müxtəlif təyinatlı traktorlar istehsal olunacaq. Müasir texnologiyalar əsasında hazırlanan bu texnikalar yüksək məhsuldarlıq, yanacaq səmərəliliyi və uzunömürlülüyü ilə seçilir. Şirkətin məqsədi yalnız texnika istehsal etmək deyil. Azərbaycanın 8 əsas iqtisadi regionunda yaradılacaq filial və nümayəndəliklər vasitəsilə müştərilərə operativ servis xidməti, texniki dəstək və ehtiyat hissələri təminatı təqdim olunacaq. Bu layihə yüzlərlə yeni iş yerinin yaradılmasına, ölkədə istehsal potensialının güclənməsinə və kənd təsərrüfatı texnikası üzrə idxaldan asılılığın azalmasına xidmət edir. Şirkətin ilk regional filialı Quba rayonunda fəaliyyətə başlayıb. Açılış mərasimində yerli fermerlər, sahibkarlar və kənd təsərrüfatı sahəsində çalışan mütəxəssislər iştirak ediblər. Tədbir zamanı şirkət rəhbərliyi tərəfindən müəssisədə istehsal olunan traktorlar haqqında ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.Qeyd olunub ki, yeni filialın istifadəyə verilməsi bölgə fermerlərinin müasir kənd təsərrüfatı texnikasına çıxışını daha da asanlaşdıracaq. Açılış münasibətilə şirkət tərəfindən xüsusi endirim kampaniyası da elan olunub. Kampaniya çərçivəsində təqdim edilən sərfəli qiymətlər tədbir iştirakçılarının böyük marağına səbəb olub. Fürsətdən yararlanan dörd fermer açılış günündə traktor alışı həyata keçirərək kampaniyanın ilk müştəriləri kimi qeydə alınıblar. Şirkət nümayəndələrinin bildirdiyinə görə, 90 at gücünə malik bağ traktorları hazırda 7 500 manat güzəştli qiymətlə təklif olunur. Yeni satış məntəqəsi Quba şəhəri, Vaqif küçəsində fəaliyyət göstərir və region fermerlərinin müasir kənd təsərrüfatı texnikalarına çıxış imkanlarının genişləndirilməsinə xidmət edəcək.
