QUBADA "SURXAYIN İZİ” KİTABININ TƏQDİMATI OLDU
Baxış sayı: 15
ADPU-nun Quba filialının təşkilatçılığı ilə Vətən Müharibəsi şəhidi, baş çavuş Mehdiyev Surxay Zülfi oğlunun xatirəsinə jurnalist Nuray Rəşidin müəllifi olduğu “Surxayın izi” kitabının təqdimatı keçirilib. Təqdimatdan əvvəl Quba Şəhidlər Xiyabanında rayon ictimaiyyəti tərəfindən şəhidin məzarı ziyarət edilib, ruhuna dualar oxunub.Filialın akt zalında davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin, Vətənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Sonra Şəhid, baş çavuş Surxay Mehdiyevin qısa və mənalı ömür yolunu əks etdirən video-çarx nümayiş etdirilib. Rəsmi hissəni filialın sosial və humanitar məsələlər üzrə direktor müavini Aysel Şeydayeva açıq elan edib. Tədbirdə çıxış edənlər şəhid ailələrini salamlayaraq, belə vətənpərvər və qəhrəman övladlar yetişdirdikləri üçün şəhid valideynlərinə təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, sağlamlığını itirmiş qazilərimizə və müharibə iştirakçılarına xüsusi diqqət və qayğının, dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindən biri olduğunu qeyd ediblər. Daha sonra kitabın müəllifi jurnalist Nuray Rəşid “Surxayın izi” kitabı barədə müfəssəl bilgi verib. Tədbir filialın Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının 2-ci tədris ili tələbəsi Təhminə Fətəliyevanın moderatorluğu ilə davam edib. Tədbirdə çıxış edən Şəhid anası Rəsmiyyə Mehdiyeva oğlunun xatirəsinə göstərilən ehtirama görə təşəkkür edib, kitabın gələcək nəsillər üçün bir qəhrəmanlıq örnəyi olduğunu vurğulayıb.Tədbirin rəsmi hissəsindən sonra ADPU-nun Quba filialının tələbələrinin və Quba 1 saylı tam orta məktəbin, Rəhman Məmmədov adına Quba rayon Alekseyevka kənd tam orta məktəbin şagirdlərinin ifasında müxtəlif bədii kompozisiyalar, şeirlər dinlənilib. Tədbirdən sonra bütün iştirakçılara müəllif Nuray Rəşidin imzası ilə kitablar paylanılıb, filialın Pedaqoji yeməkxanasında ehsan süfrəsi təşkil edilib.
