QUBADA QƏHVƏYİ MƏRMƏR BAĞACIĞINA QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ MÜZAKİRƏ EDİLDİ

Qubada Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə “Qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə və mübarizə” mövzusunda tədbir keçirilib. Tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov, Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev, Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun idarə, müəssisə və təşkilatların rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri və fermerlər iştirak ed. Tədbir çərçivəsində “Qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə və mübarizə” üsullarını əks etdirən maarifləndirici videoçarx nümayiş etdirilib. Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev və Agentliyin sədr müavini Cəfər Məhərrəmov görülən işlər və qarşıda duran vəzifələrlə bağlı tədbir iştirakçılarına məlumat veriblər. İclasda həmçinin qəhvəyi mərmər bağacığına qarşı mübarizə üzrə tədbirlər planının icra vəziyyəti, zərərvericinin qışlama dövründə aparılan monitorinqlərin nəticələri, mövsümə uyğun görülən işlər, həmçinin əhali arasında maarifləndirmənin daha da genişləndirilməsi məsələləri müzakirə olunub. Bu sahədə təxirəsalınmaz tədbirlərin davam etdirilməsinin zəruriliyi vurğulanıb. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, bölgədə əhalinin maarifləndirilməsi və monitorinqlərin genişləndirilməsi istiqamətində müvafiq qurumlara tapşırıq və tövsiyələr verilib.