QUBADA QAFQAZ XALQLARININ RƏQS GÖSTƏRİSİ OLUB

İyunun 21-də Qubadakı Yaşıl Teatrda "Alovlu Qafqaz" III Folklor Rəqs Festivalının açılışı olub. Festivalda Gürcüstanın və Rusiyanın Qafqaz respublikalarından, həmçinin Azərbaycanın müxtəlif bölgələrindən olan rəqs qrupları iştirak edib.

Festivaldan əvvəl Heydər Əliyev adına parkda yaradıclıq sərgisi və festival iştirakçılarının paradı olub.

Festivalda Gürcüstan, Rusiyanın Şimali Osetiya–Alaniya, Dağıstan, İnquşetiya, Kabardin-Balkar, Qaraçay-Çərkəz respublikalarını, eləcə də Azərbaycanın müxtəlif Uşaq Gənclər İnkişaf mərkəzlərini təmsil edən kollektivlər izləyicilərə təqdim olundu

Təqdimatdan sonra "Alovlu Qafqaz" adı altında keçirlilən  yaradıcılıq sərgisində fərqlənən Respublikamızın müxtəlif rayonlarından gələn  Uşaq Gənclər İnkişaf Mərkəzinin nümayəndələri və tələbələri fəxri fərman və qiymətli hədiyyələrlə təltif olundu.

Festivalın açılışında Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyyədin Əliyev çıxış edərək festivalın işinə uğurlar arzulayıb. Bildirib ki, mədəniyyət və incəsənət xalqlar arasında əlaqələrin qurulmasının, dostluq əlaqələrinin formalaşmasının  və ünsiyyətin ən mühüm metodudur.

Sonrakı çıxışlarda bildirilib ki, festival ölkəmizin tarixi irsi, mədəniyyəti, milli adət-ənənələri, xalq yaradıcılığı və folklorunu dərindən öyrənmək, mədəni irsin uşaq və gənclər arasında daha da geniş təbliğ etmək, rəqslərimizi müasir tələblər səviyyəsində tanıtmaq, xoreoqrafiya sənətini daha da inkişaf etdirmək, eyni zamanda ölkəmizə gələn festival iştirakçılarına Azərbaycanı tanıtmaq məqsədi ilə təşkil olunur.

Bakı, Quba, Xaçmaz, Goranboy, Şabran, Qazax, İsmayıllı, Lənkəran Uşaq Gənclər İnkişaf Mərkəzlərini, eləcə də Gürcüstan və Rusiyanı təmsil edən rəqs və yaradıcılıq kollektivlərinin bir-birindən maraqlı çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Onu da qeyd edə ki, Təhsil Nazirliyinin dəstəyi və Quba şəhər Uşaq və Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə keçirilən festivala ümumilikdə 700-dən çox uşaq və gənc qatılıb.