Qubada psixoloji və loqopedik seminar keçirildi

Quba–Xaçmaz Regional Təhsil İdarəsi ilə "Viqas Med" Psixoloji və Nitq İnkişaf Mərkəzinin birgə təşkil etdiyi “Sağlam Gələcək Naminə” adlı iki hissəli təlim–seminar Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbində keçirilib. Tədbirə regionun müxtəlif məktəblərindən ibtidai sinif müəllimləri, məktəbəqədər təhsil üzrə pedaqoqlar, inklüziv təhsil mütəxəssisləri və psixoloqlar qatılıb. Təlimin məqsədi nəzəri bilik verməklə yanaşı, uşaqlarla gündəlik təmasda olan müəllimlərin praktik bacarıqlarını gücləndirmək, onların real situasiyalarda daha düzgün yanaşma nümayiş etdirməsinə dəstək olmaqdır. İlk hissə loqopedik mövzulara həsr olunub. Təlimçi Fidan Bağırova nitqin formalaşmasında ən kritik dövrlərdən, kiçik yaşlı uşaqlarda nitq qüsurlarının erkən aşkarlanması və düzəldilməsi üçün “10 qızıl metod”dan danışıb. Məşğələlər zamanı pedaqoqlara həm səs formalaşdıran məşqlər, həm də nitq prosesini gücləndirən sadə, amma effektiv üsullar nümayiş etdirilib. Seminarın psixoloji bölməsində isə uşaqlarda rast gəlinən müasir davranış problemlərinin ilkin əlamətləri, onların səbəbləri və təhlükəsiz müdaxilə yolları izah olunub. Təlimçi Mənsur Xaspoladov valideyn–müəllim–psixoloq üçbucağının önəmini vurğulayaraq bildirib ki, erkən müdaxilə gələcəkdə daha ağır problemlərin qarşısını almaqda ən təsirli addımdır. Tədbir boyu iştirakçıların sualları cavablandırılıb, müzakirələr aparılıb, həmçinin real nümunələr üzərində vəziyyət analizi edilib. Təlim atmosferi həm öyrədici, həm də motivasiyaedici ruhla davam edib. Sonda təlimlərdə aktiv iştirak edən müəllimlərə sertifikatlar təqdim olunub.