QUBADA PROFESSOR MAHİRƏ HÜSEYNOVA İLƏ GÖRÜŞ KEÇİRİLDİ

Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Pedaqoji Universitetin (ADPU) Quba filialında Prezident təqaüdçüsü, Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, professor Mahirə xanım Hüseynovanın anadan olmasının 65 illik yubileyi və elmi-pedaqoji və ədəbi fəaliyyətinə həsr olunmuş “Qəlbi azərbaycanlı, Qərbi azərbaycanlı!" mövzusunda təntənəli ədəbi-bədii gecə keçirilib. Tədbirdən əvvəl Ulu öndər Heydər Əliyevin Quba şəhərində yerləşən abidəsi ziyarət edilib. Filialda qarşılanma zamanı tələbələr qonaqları Qubada yaşayan azsaylı xalqların dilində salamlayıblar. Sonra professor Mahirə xanım Hüseynovanın mənalı həyat yolu və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Quba rayon İcra Hakimiyyətinin Başçısı İlqar Mahmudov çıxış edərək professor Mahirə Hüseynovanın elmi, bədii və ictimai fəaliyyətinin ayrı-ayrı istiqamətlərinə toxunaraq diqqətə çatdırıb ki, şairənin bütün yaradıcılığının araşdırılması və təbliği gənc nəsildə vətənpərvərlik ruhunun inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir. ADPU-nun Quba filialının direktoru, fizika elmləri doktoru, professor Yusif Alıyev çıxışında qeyd edib ki, professor Mahirə Hüseynova bütün dövrlərdə Azərbaycanın gözəlliyini, vətənimizin bütövlüyünü, Qərbi Azərbaycan mövzusunun milli əhəmiyyətini diqqətdə saxlayıb. Filologiya elminə böyük töhfələr verib. Digər çıxış edənlər də öz növbələrində qeyd ediblər ki, Mahirə xanım Hüseynova mənsub olduğu soy-kökün təməlləri üzərində alim kimi, idarəedici kimi professor Mahirə Hüseynova, ictimai xadim, şairə kimi isə şairə Mahirə Nağıqızı olaraq tanındı və tanıyanların da sevimlisinə çevrildı. Çıxışçılar professor Mahirə xanım Hüseynovanın həyat və fəaliyyətinin ayrı-ayrı istiqamətlərinə dair fikir və mülahizələrini də bölüşdülər. Sonra professor Mahirə xanım Hüseynova belə bir könül oxşayan tədbirin təşkilinə görə, rayonun və filialın rəhbərliyinə səmimi minnətdarlığını ifadə edib. Moderatorluğunu tanınmış aparıcı Azər Süleymanlının idarə etdiyi ədəbi-bədii tədbirdə şairə Mahirə Hüseynovanın poeziya nümunələri əsasında hazırlanmış bədii hissə də yer alıb. Əməkdar artistlər Gülüstan Əliyeva, Mətanət İskəndərli və Elnur Zeynalov, tanınmış müğənni Leyla Rəhimova, aşıq Zülfiyyə İbadova, qiraətçi Pünhan İsmayılov və filialın tələbəsi Günəş İskəndərov şairənin sözlərinə bəstələnmiş mahnıları ifa edib, şeirlərini söyləyiblər. Tələbələr tərəfindən ifa edilən rəqslər də maraqla qarşılanıb. Tədbir gənclərin suallarının cavablandırılması ilə davam edib.